Məlum olduğu kimi, keçən yay Daimler konserni model çeşidini elektrikləşdirmək planlarının olduğunu açıqlamışdı. Hətta, pərəstiş obyektinə çevrilmiş G-Class ofrouderini də elektrikləşmə gözləyir. “Batareyalı” G-Class modelinin üzərindəki çalışmalara ofrouderin yeni nəslinin 2018-ci ildəki debütündən sonra başlansa da, proses hələlik başa çatmayıb. Odur ki, bu gün Münhendə işinə başlamış avtosalonda nümayiş etdirilən Mercedes-Benz EQG modeli konsept statusundadır.

Avtomobil barədə təfərrüatlar azdır, amma əsas konsepsiya aydındır. “Elektrogelik” ramalı quruluşunu və hətta, müstəqil ön asqısı və bütöv arxa körpü olan şassisini qoruyub saxlayacaqdır. Ancaq buradakı rama yenidir (dartma batareyası lonjeronların arasında quraşdırılıb), asqı sistemi isə yenidən  yaradılmışdır, çünki EQG modeli hər birinin fərdi idarəetməsi olan dörd elektrik mühərriki (hər təkərdə biri) ilə təchiz ediləcəkdir!

Nəzəri olaraq, belə sxem G-Class modelinin ofroud keyfiyyətlərini yeni səviyyəyə qaldırmalıdır - çünki proqram alqoritmləri hər üç differensialın kilidlənməsini təqlid edilə bilər, üstəlik, fırlanma anını ona daha çox ehtiyac duyann təkərlərə yönəltmək mümkün olacaqdır. Hətta, adi aşağı pillələrin imitasiyası olan müəyyən ofroud rejimi də vəd edilib. Quru səthdə elektrikli G-Class heç bir problem olmadan 100 faizlik yoxuşa qalxmalıdır.

Təəssüf ki, bütün məlumat bundan ibarətdir. Eyni zamanda, Münhendə göstərilən konsept bizə gələcək seriya avtomobilinin xarici görünüşünü təxmin etməyə imkan verir. Ümumiyyətlə, seriya modeli EQ ailəsinə xas olan dizayn elementlərini alan klassik G-Class ofrouderi olacaqdır. Məsələn, radiator barmaqlığı əvəzinə işıqlanan bağlı panel yerləşdiriləcəkdir.

Bundan başqa, bamperlərin forması dəyişdirilib, 22 düymlük təkər diskləri quraşdırılıb, ehtiyat təkərinin yerində isə, dördbucaqlı kilidlənən boks yerləşdirilib. Bu boksda, məsələn, yükləmə kabelini saxlamaq olar. İşıq texnikası da yenidən işlənib: LED zolaqlar yan moldinqlərə, güzgü gövdələrinə və damdakı reylinqlə inteqrasiya ediliblər.

Daimler AG konserni seriya modelinin debüt tarixini açıqlamayıb. Göründüyü kimi, ofrouder üzərindəki çalışmalar hələlik tamamlanmayıb, odur ki, tam hazır olan Mercedes-Benz EQG modeli bir-iki ildən sonra debüt edə bilər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.