1 fevral tarixində Improtex Motors şirkəti “Rolls-Royce Motor Cars Baku” satış-sərgi salonunda yeni Rolls-Royce Ghost avtomobilini media nümayəndələrinə fərdi şəkildə təqdim edib.

Təqdimat zamanı Improtex Motors-un baş direktoru Bayram Yaqubov bildirib: “Biz, 2021-ci ilə ən çox gözlənilən Rolls-Royce modelinin debütü ilə başlamaqdan çox məmnunuq. Qonaqlarımızın sağlamlığı və təhlükəsizliyi bizim üçün hər şeydən vacibdir, buna görə də, biz, Bakının mərkəzində media nümayəndələri və müştərilər üçün yeni Rolls-Royce Ghost modelinin fərdi təqdimatını təşkil etmişik”.

Qudvudda yaradılan ilk Ghost həm yaşına, həm də fikirlərinə görə fərqlənən yeni nəsil müştərilərin tələblərinə uyğun olaraq yaradılmışdır. Bu insanlar bizə Rolls-Royce-un ölçüsünü bir qədər kiçik və daha az iddialı görmək istədiklərini bildirdilər. Onlar üçün yaradılmış modelin uğuru ən cəsarətli gözləntiləri aşıb. Ghost markanın 116 illik tarixi boyu ən uğurlu modeli olmuşdur. Yeni Ghost’un öz sələfindən miras aldığı yeganə elementlər - “Ekstazın ruhu” heykəlciyi və qapılardakı çətirlərdir. Qalan hər şey yenidən dizayn edilmiş və məharətlə sıfırdan hazırlanmışdır. 

Rolls-Royce Motor Cars-ın Avropa üzrə direktoru Julian Jenkins belə şərh vermişdir: “Nəticədə biz tarixdə ən texnoloji Rolls-Royce-u yaratdıq. Brendimizin əsas dəyərləri bu cəlbedici, minimalist, lakin eyni zamanda, Ghost müştərilərinin ehtiyaclarına mükəmməl həmahəng və zamanın ruhuna ideal uyğun olan mürəkkəb bir məhsuldur”.

Markanın fərqləndirici xüsusiyyəti -“Sehrli xalça uçuşu” ilə müqayisə edilən gedişin yumşaqlığı əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Yeni Ghost üçün mühəndislər Planar sistemini tətbiq edərək asqını tamamilə təkmilləşdirmişlər. Tamamilə hamar və düz həndəsi səthin şərəfinə adlandırılan sistem on illik inkişaf və sınaqların nəticəsidir. Nəticə - əvvəllər heç bir minik avtomobilində əlçatmaz olan yer üzərində uçuş hissidir.  

Özü bağlanan qapılar – Qudvuddan olan ilk Phantom dövründən başlayaraq Rolls-Royce alıcılarının sevimli funksiyasıdır. Cihazlar panelində və arxa oturacaqda yerləşən düymələrin köməyi ilə müştərilər asanlıqla qapıların aça bilərlər. Yeni Ghost’da bu əfsanəvi funksiya təkmilləşdirilmişdir: bundan sonra qapılar ilk dəfə olaraq hər hansı bir səy göstərmədən elektrik ötürücü ilə açıla bilər. Avtomobildən çıxdıqdan sonra, sahibi dəstəyin düyməsini basaraq qapını avtomatik olaraq bağlaya bilər.

Yeni Ghost müasir avtomobil salonunda mövcud olan ən təmiz havanı təmin edən qabaqcıl mikro hava təmizləmə sistemi (MEPS) ilə təchiz edilmişdir. Müştəriləri dəm qazı və tozcuqlar, eləcə də bəzi virus və bakteriyalardan qoruyan mövcud hava filtrasiyası texnologiyası yenidən təkmilləşdirilmişdir.

Yeni Ghost sadəliyində mükəmməldir, lakin bu səssizlik atmosferinin yaradılması brend tarixinin ən böyük çağırışlarından biri olmuşdur. Şübhəsiz ki, yeni Ghost tarixin ən texnoloji Rolls-Royce-dur. Təchizatın siyahısına 600 metrdən çox işıqlandırma məsafəsi olan işıqdiodlu və lazer fənərləri, heyvanlar və piyadaların gündüz və ya gecə saatlarında yolda peyda olması barədə qabaqcadan xəbərdarlıq edən Vision Assistant sistemi; sürücünün yorğunluğunu təhlil edən Alertness köməkçisi sistemi; avtomobilin panoramik baxışını təmin edən dörd kameralı monitorinq sistemi, aktiv kruiz-kontrol sistemi, toqquşmanın qarşısının alınması sistemi, toqquşma xəbərdarlığı sistemi, parketmə köməkçisi, həmçinin ən qabaqcıl naviqasiya və əyləncə sistemləri daxildir. 

Image alt Image alt

Yeni Ghost Extended üçün mütəxəssislər gələcək Rolls-Royce avtomobilləri üçün etalon olacaq “Sükunət formulunu” yaradıblar. Formulun ilk elementi daha yüksək akustik müqavimətə malik olan alüminium konstruksiyadır. Mühərrik lövhəsi və döşəməsi ikiqat konstruksiyaya malikdir, qatların arasındakı məkan salona daxil olan yol səs-küyünü azaltmaq üçün kompozit səs azaldan material ilə işlənilmişdir. Yeni Ghost-da 100 kiloqramdan çox səs izolyasiyası vardır ki, bu da qapıların, damın, ikiqat şüşəli pəncərələrın, şinlərin daxilində və hətta banın konstruksiyasında istifadə olunmuşdur.

Yeni Ghost'un hər bir detalında minimalizmin estetikasının təcəssümü markanın dizaynerlərinin əsas məqsədi olmuşdur. Nəticədə, Rolls-Royce-un qüsursuz deyə tanınmış olduğu təmkinli və həqiqi dizayn yaradılmışdır.

Image alt Image alt Image alt

Jenkins vurğulayıb: “son aylarda regionda qarşılaşdığımız çətinliklərə baxmayaraq, biz bu regionda müvəffəq olmuşuq, müştərilər bu qeyri-müəyyənlik dövrünün uzunmüddətli dəyərə malik olan investisiyalara ən uyğun vaxt olduğunu hiss edirlər. Davamlı işimizə verdiyi töhfələrə görə brend menecer Nurlan Pənahlıya  və bütün komanda üzvlərinə təşəkkür edirəm və 2021-ci ildə uğurlu başlanğıc gözləyirəm”.

Təqdimat zamanı Bang & Olufsen şirkətinə, Rolls-Royce standartlarına həqiqətən layiq olan yüksək keyfiyyətli səs effektləri təklif edən akustik avadanlıqlara görə ayrıca təşəkkür edirik.