Infiniti markasının model xəttində QX55 adlı yeni modelin debüt edəcəyi məlumdur. Bir müddət bundan öncə, yapon istehsalçısı yeni modelin ilk tizerini də dərc etmişdi. Birinci nəsil Infiniti FX modelinin üslubunda dam xəttinə malik olacaq krossoverin debütü gələn ilin yay aylarında baş tutacaqdır.

Bu günlərdə Infiniti şirkəti yeni modelin növbəti tizerini dərc edib. Infiniti Motor Company şirkətinin idarə heyəti sədrinin vəzifəsini icra edən Mayk Kolleranın sözlərinə görə, «Infiniti QX55 avtomobil sənayesinin ən sürətlə inkişaf edən seqmentidə mərkəzi yerlərdən birini alacaq və müştərilər kupeşəkilli dam xəttinə malik olan dizaynı layiqincə qiymətləndirəcəklər».

Infiniti QX55 modelini FX krossoverinin varisi saymaq düzgün olmazdı – birincisi, ölçülərinə görə yeni model FX-dən daha kiçikdir. İkincisi isə, QX mühərriki köndələn yerləşən və əsasən öndən çəkişli arxitekturada inşa ediləcəkdir. Xatırladaq ki, Infiniti FX modelində mühərrik uzununa yerləşən və arxa çəkişli arxitektura tətbiuq edilmişdi.