Audi şirkətinə məxsus olan Italdesign dizayn studiyası Facebook sosial şəbəkəsində Cenevrə avtosalonunda təqdim etməyi planlaşdırdığı yeni superkarın növbəti tizerini dərc edib.

Dərc edilmiş videotizerdə avtomobilin arxa hissəsi lentə alınıb. Burada mühərrikin istiliyinin arxa antiqanada yönəldilməsinə xidmət edən iki dəlik və quraşdırılmış stop siqnalı olan iri antiqanad təsvir edilib.

İtalyanlar Cenevrədəki təqdimat gününə qədər hər həftə bir tizeri dərc etməyə söz veriblər. Hələlik bu avtomobilin təyinatı naməlum olaraq qalır - bu həm konsept, həm də kiçik tirajla buraxılacaq  seriya avtomobili ola bilər. Italdesign studiyasının Audi şirkətinə məxsus olduğunu nəzərə alsaq, yeni avtomobilin əsasında yeni nəsil Audi R8 sportkarının duracağını ehtimal etmək olar.

Xatırladaq ki, Italdesign studiayının əvvəl təqdim etdiyi Zerouno kupe və rodsterinin də əsasını Audi R8 modeli təşkil edib. Italdesign Zerouno və Zerouno Duerta superkarları Audi R8 plus modelindən tanış olan 610 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edən 5,2-litrlik on silindirli mühərrik və quattro tam çəkiş sistemi ilə təchiz edilir. Superkar 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənir və 330 km/saat maksimal sürətə malikdir.