Audi şirkətinə məxsus olan Italdesign dizayn studiyası sosial şəbəkələrdə maraqlı bir tizer dərc edib. Bu tizerdə italyan studiyasının 5 mart tarixində Cenevrədə keçiriləcək avtosalonda yeni avtomobili təqdim edəcəyinə işarə vurulur.

İtalyanlar Cenevrədəki təqdimat gününə qədər hər həftə bir tizeri dərc etməyə söz veriblər. Hələlik bu avtomobilin təyinatı naməlum olaraq qalır - bu həm konsept, həm də kiçik tirajla buraxılacaq  seriya avtomobili ola bilər.

Dərc edilmiş ilk tizerdə isə yeni avtomobilin arxa şüşəsinin və kuzovunun yan tərəfinin bir hissəsi təsvir edilib ki, bu da Mercedes-AMG GT ruhunda olan kupedən xəbər verir. Italdesign studiyasının Audi şirkətinə məxsus olduğunu nəzərə alsaq, yeni avtomobilin əsasında yeni nəsil Audi R8 sportkarının duracağını ehtimal etmək olar.

Italdesign Zerouno Duerta

Xatırladaq ki, Italdesign studiayının əvvəl təqdim etdiyi Zerouno kupe və rodsterinin də əsasını Audi R8 modeli təşkil edib. Italdesign Zerouno və Zerouno Duerta superkarları Audi R8 plus modelindən tanış olan 610 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edən 5,2-litrlik on silindirli mühərrik və quattro tam çəkiş sistemi ilə təchiz edilir.

Superkar 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənir və 330 km/saat maksimal sürətə malikdir.