Beynəlxalq avtomobil federasiyasının rəsmi saytı İv Mattonun FIA-nın ralli üzrə direktoru təyin edildiyini və 7 fevral 2018-ci il tarixindən təşkilatın Cenevrədəki ofisində vəzifəsinin icrasına başlayacağını bildirib.

Xatırladaq ki, İv Matton bu günə qədər Citroen komandasının dünya ralli çempionatındakı komandasına başçılıq edirdi.

«Etiraf etməliyəm ki, FIA-da bu vəzifəyə təyinat almağım mənim üçün böyük şərəfdir, - Matton söyləyib. - Həyatım boyu idmanın müxtəlif səviyyələrində işləmişəm.

Bura rallinin tarixində ən uğurlu istehsalçılar ilə də əməkdaşlıq daxildir. Lakin, məhz bu təyinat mənim ən böyük nailiyyətimdir».  İv Matton FIA-nın ralli üzrə diroktoru vəzifəsində Yarmo Maxoneni əvəz edib. Citroen WRC komandası Mattonun varisinin adını açıqlamasa da, bir çoxları fransız komandasına Pyer Budarın başçılıq edəcəyindən əmindirlər.