Jeep şirkəti 17 noyabr tarixində əsrarəngiz "yeni avtomobili" təqdim edəcəyini bildirib. Böyük ehtimalla, bu sirli model yeni nəsli Jeep Grand Cherokee ofrouderidir.

Jeep şirkəti koronavirus pandemiyası səbəbi ilə yeni nəsil Grand Cherokee modelinin təqdimatını dəfələrlə təxirə salıb: ilkin olaraq, ofrouderin debütü bu ilin iyun ayında keçirilməli olan Detroyt avtosalonunda baş tutmalı idi, lakin ABŞ-dakı bütün kütləvi tədbirlər hökumət tərəfindən qadağan edilmişdi. Nəticədə, yeni nəsil Grand Cherokee modellinin təqdimatı payıza qədər təxirə salınmışdı, lakin konkret tarix bildirilməmişdi. İndi isə, Muscle Cars and Trucks nəşrinə görə, yeni Jeep Grand Cherokee modelinin təqdimatı üçün tarix təyin olunub. Çox güman ki, amerikalılar əsrarəngiz "yeni avtomobil" haqqında danışarkən bu ofrouderi nəzərdə tuturlar.

Əsrarəngiz modelin debütü 17 noyabr tarixinə planlaşdırılıb. Yeni nəsil Jeep Grand Cherokee modelinin Alfa Romeo Stelvio krossoverinin platformasında inşa edildiyi və onun hibrid aqreqatlar da daxil olmaqla V6 və V8 mühərrikləri ilə təchiz ediləcəyi məlumdur. Yeni ofrouder üçün baza mühərriki 2,0-litrlik "turbodördlük" olacaqdır - hibrid əlavənin olacağı da istisna edilmir. Eyni zamanda, Grand Cherokee modeli tarixində ilk dəfə yalnız beş və yeddi yerlik versiyada da təklif ediləcəkdir.