Jeep şirkəti V8 mühərriki ilə təchiz edilmiş Wrangler Rubicon 392 ofrouderinin qiymətini açıqlayıb. Səsləndirilmiş qiymət amerikalıların təəccübünə səbəb olub: ofrouderin zəngin təchizata malik olan Launch Edition versiyasını 73,5 min dollara qiymətləndiriblər. Beləliklə, səkkizsilindrli ofrouder 712 at qüvvəli RAM 1500 TRX superpikapdan daha bahadır. Üstəlik, Rubicon 392 ofrouderi Wrangler modelinin baza versiyasından da iki dəfə bahadır.

Jeep Wrangler Rubicon 392 modeli 476 at qüvvəsi və 637 Nm fırlanma anı hasil edən 6,4-litrlik V8 atmosfer mühərriki ilə hərəkətə gəlir. Ofrouderin klirensi 50 millimetr artırılıb, xarici diametri 33 düym olan "palçıq" təkərləri quraşdırılıb, habelə raması, asqısı və körpüləri gücləndirilib.

Jeep Wrangler Rubicon 392

Jeep nümayəndələri 73,5 min dollara satılan Wrangler Rubicon 392 Launch Edition modelinin standart təchizatına "dəri" salonun, aktiv və passiv təhlükəsizlik sistemlərinin tam dəstinin, habelə 8,4-düymlük ekrana sahib olan Uconnect mediasisteminin daxil olduğunu vurğulayırlar. Bununla birlikdə, elektriklə açılan yumşaq tavan, qoşqu-yedək qurğusu və dairəvi görüntü kameraları üçün əlavə ödəniş etmək gərəkdir. Ayrıca, qiymətə çatdırılma daxil deyil - bu xidmət 1495 dollara başa gələcəkdir.

Səkkizsilindrli Jeep Wrangler modelinin birbaşa rəqibi yoxdur, ona görə də, istehsalçı Rubicon 392 modelinin satışından yaxşı pul qazanmağı planlaşdırır - 392 indeksli model, V6 mühərrikinə malik olan Wrangler Rubicon ofrouderindən 30 min dollar bahadır!

RAM 1500 TRX

Eyni zamanda, Wrangler Rubicon 392 modelinin 712 at qüvvəli “bərkgedən” RAM 1500 TRX pikapından da baha olduğu ortaya çıxıb: sonuncu ABŞ-da 70 min dollara satılır.

Wrangler Rubicon 392 modelinin satışlarına mart ayının sonuna qədər başlanılmalıdır. Bir ay ərzində modelin konfiquratoru işə salınacaq və minimum qiymət elan ediləcəkdir. Jeep şirkəti “bərkgedən” Wrangler modelini Amerika Birləşmiş Ştatlarından kənarda satmağı planlaşdırmır.