KİA şirkəti Rusiya bazarı üçün nəzərdə tutulmuş yeni modelin tizerini dərc edib. Motor saytının bildirdiyinə görə, bu avtomobil X-Line xəttinin ilk nümayəndəsi olmalıdır. Bununla belə, istehsalçı avtomobil haqqında əlavə məlumat verməyib.

Sentyabr ayında keçirilmiş Frankfurt avtosalonunda X-Line adı ilə Kia Picanto hetçbekinin bütün yollar üçün olan variantı nümayiş etdirilmişdi. İstehsalçı bu avtomobilin Rusiya bazarında satılacağını bildirsə də, tizerdəki avtomobil heç də Picanto modelinə bənzəmir. Çox güman ki, söhbət Kia Rio modelinin bütün yollar üçün olan variantından gedir. Yay aylarında həmin avtomobilin prototipi Rusiya yollarında cəsusların obyektivlərinə tuş gəlmişdi.

Qeyd etmək lazımdır ki, buna bənzər avtomobil artıq Çin bazarında satılır.  Kia KX Cross adlanan model adi Rio modelindən 115 millimetr uzundur. Onun klirensi isə 175 millimetr təşkil edir. Rusiya bazarı üçün nəzərdə tutulan bu krossover çox güman ki, Azərbaycanda da təklif edilə bilər. Artıq Cənubi Koreya istehsalçısı Rusiya istehsalı olan Hyundai Creta modelini Azərbaycana idxal edir. Kia Rio X-Line modelinin də belə şansı mövcuddur.