Kia şirkəti markanın Hindistandakı zavodunda buraxılacaq qlobal Sonet krossoverini təqdim edib. Yeni krossoverin əsas cəhəti geniş modifikasiya seçimi və zəngin avadanlıq dəstidir. Kia Sonet koreya markasının model xəttində Seltos krossoverindən bir pillə aşağıda qərarlaşıb və buna görə də, daha ucuz başa gələcəkdir.

Krossoverin təkər bazası qohum Hyundai Venue modelindəki kimi 2,5 metrdir. Bununla belə, Sonet modelinin uzunluğu dörd metrdən çox olmayacaqdır - bu, modelin Hindistanda tətbiq olunan vergi güzəştlərini əldə etməsi üçün gərəkdir. 

Texniki cəhətdən Kia Sonet yenə də Hyundai Venue modelini təkrarlayır.  Krossover 83 at qüvvəli 1,2-litrlik atmosfer mühərriki, 120 at qüvvəli 1,0-litrlik turbomühərrik və 90 at qüvvəli 1,4-litrlik turbodizel ilə təchiz edilir. Qeyd etmək lazımdır ki, Sonet modelinin əsas üstünlüyü çoxsaylı transmissiyalardır. Güc aqreqatları 5- və 6- pilləli mexaniki ötürmələr qutusu, bir muftalı ağıllı iMT qutusu, 7-pilləli robot və 6-pilləli avtomat ilə təchiz edilə bilərlər. Qeyd etmək gərəkdir ki, 6-pilləli avtomat dizel aqreqatı ilə birlikdə təklif edilir ki, bu da yığcam krossoverlər seqmenti üçün qeyri-adi birləşmə sayılır.  Ötürmə - ön oxadır. 

Kia Sonet modelinin başqa üstünlüyü zəngin avadanlıq siyahısıdır. Bu siyahıdakı avadanlıqların əksər hissəsi onun rəqibləri üçün hətta əlavə ödənişlə belə əlçatan deyil. Ümumilikdə seqment üçün unikal olan 30 opsiya  vardır. Bunlara misal kimi, havalandırmalı ön oturacaqları, ultrabənövşəyi lampa ilə havanın iki mərhələli antivirus filtrasiyasını, 10,25-düymlük ekranı olan multimedia sistemini və eyni ölçülü rəqəmsal cihazlar panelini göstərmək olar. Yuxarıda göstərilənlərə əlavə olaraq, Sonet modeli səs köməkçisi, smartfonların simsiz doldurulması və Bose Premium səs sistemi ilə birləşdirilmiş ətraf işıqlandırması ilə də təchiz edilə bilər.

Təhlükəsizliyə altı təhlükəsizlik yastığı, ön və arxa parktroniklər və əyləcləmə zamanı yardım sistemi məsuliyyət daşıyırlar.

Krossover üçün eksteyer və interyerin tərtibatı ilə fərqlənən iki dizayn versiyası - Tech və GT-Line təklif ediləcəkdir. Onları kuzov dəsti və radiator barmaqlığı sayəsində ayırd etmək olar. Sifarişçlər yeddi kuzov rəngindən və üç ikirəngli boyama sxemindən birini seçə bilərlər.

Kia Sonet modelinin Seltos krossoverindən sonra "Hindistanda bütün dünya üçün hazırlanmış" ikinci model olduğunu xüsusilə vurğulayır. Artıq krossoverin Avropada satılacağı da təsdiqlənib. İlkin məlumatlara görə, Hindistan bazarında qiymətlər 800 min ilə 1,3 milyon rupi arasında dəyişəcəkdir. Beləliklə, Kia Sonet modeli Seltos-dan daha ucuz başa gələcəkdir.