Kia şirkəti Telluride krossoverinin Nightfall Edition adlı yeni versiyasını təqdim edib. Nightfall Edition dəsti yeni radiator barmaqlığının və qara eksteryer tərtibatının mövcudluğunu nəzərdə tutur.

Nightfall Edition dəsti Kia Telluride EX AWD (Premium dəsti ilə), SX AWD və SX Prestige modelləri üçün əlçatandır. Bu versiyaların əsas cəhətləri üçölçülü naxışı olan qara rəngli radiator barmaqlığı və unikal dizayna malik olan qara rəngli 20-düymlük təkər diskləridir. Bundan əlavə, "tündləşdirilmiş" krossoverlərin ön fənərlərinin daxili hissəsi və ön bamperdəki işləmələr qara rəngə boyanıblar.

Kuzov üçün təklif edilən rəng palitrası səkkiz çalardan ibarətdir. Nightfall Edition modelləri üçün isə, xüsusi boz Wolf Grey boyası hazırlanıb. Yeni staylinq dəstinin qiyməti 1295 dollardır.

Kia şirkəti Nightfall Edition dəstinin təqdimatı ilə yanaşı, 2021-ci model ilinin Telluride modelində baş vermiş dəyişikliklər barədə məlumat verib. Beləliklə, krossoverin təchizatına qoşqunu yedəyə almaq üçün yeddigirişli bağlayıcı (bundan əvvəl birləşmə dördgirişli idi) daxil edilub. Əlavə olaraq, açarda mühərriki məsafədən işə salınması düyməsi peyda olub və LED fənərlər bir çox versiyalar üçün standart olub.

Texniki cəhətdən dəyişiklik yoxdur: Kia Telluride modeli 295 at qüvvəsi hasil edən 3,8-litrlik V6 mühərriki və 8-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Krossover ön ötürmə və ya elektrohidravlik muftaya sahib olan tam çəkiş sistemi ilə təklif edilir. Asqı sisteminə gəldikdə isə, krossover öndə McPherson dayağı, arxada isə çoxqollu asqı ilə təchiz edilib.