Bir müddət bundan öncə Kriştianu Ronaldunun yeganə nüsxədə buraxılmış Bugatti La Voiture Noire hiperkarının sahibi olduğu barədə xəbər yayılmışdı. Bu günlərdə məşhur futbolçunun nümayəndəsi TMZ nəşrinə bəyanat verərək Ronaldonun bu avtomobili almadığını bildirib: “Bu həqiqət deyil. O, bu avtomobili almayıb”.

Xatırladaq ki, əvvəllər unikal hiperkarın Volkswagen qrupunun keçmiş rəhbəri Ferdinand Pix tərəfindən sifariş edildiyi barədə şayiələr gəzirdi. Lakin, sonradan avtomobilin sahibinin Kriştiano Ronaldu olduğu barədə mənbəyi məlum olmayan xəbər yayılmışdı. Bugatti nümayəndələri də məsələyə münasibət bildiriblər. Şirkətin İctimayyətlə əlaqəlıər bölümünün başçısı Tim Bravo fransız istehsalçısının şayiələrə şərh vermədiyini söyləyib: “Biz müştərilərimizin məxfiliyinə hörmətlə yanaşırıq, yalnız onlar özləri açıqlama verə bilərlər. Bu səbəbdən də biz belə xəbərləri nə təsdiq, nə də inkar edə bilərik”.