Lamborghini Aventador kupesinin varisinin ilk şəkilləri dərc olunub. “Cochespias” portalı yeniliyin iki şəklini dərc edib, insayderlər isə onun adını açıqlayıblar: qeyri-rəsmi məlumatlara görə, model Revuelto adlanacaqdır. Lamborghini markasının flaqman superkarının debütü cari ilin mart ayına planlaşdırılıb, bu şəkillər patent sənədlərindəki eskizlərlə ziddiyyət təşkil etmirlər, ona görə də şəkillərin reallığına şübhə yoxdur. Texniki hissə haqqında məlumat azdır: yalnız Aventador modelinin varisinin hibrid olacağı və yeni V12 mühərrikini alacağı məlumdur.

Revuelto superkarının görünüşü Lamborghini üçün ənənəvi üslubdadır: burada həm Sian hibridinə, həm də Aventador superkarına istinadlar var. Tanınma 100 faizlikdir: Y-şəkilli elementləri olan ön və arxa fənərlər, kuzovun çapılmış formaları və pazşəkilli siluet bu tanınmanı təmin edir. Buraxılış sisteminin boruları daha yüksəkdə - işıqlarla eyni səviyyədə yerləşiblər!

Lamborghini flaqman modeli üçün tamamilə yeni V12 atmosfer mühərrikini hazırlayır. Güc aqreqatı hibrid sistemin bir hissəsi olacaqdır: çox güman ki, Revuelto modeli elektrik məişət şəbəkəsinə də qoşulacaqdır. Gözlənilən güc ən azı 1000 at qüvvəsi olmalıdır, yəni Santa Agata Bolonyezedən olan superkar bu göstəriciyə görə Ferrari SF90 Stradale modelindən geri qalmayacaqdır.

Lamborghini bütün təfərrüatları martın sonuna qədər açıqlamalıdır. Təqdimat tarixi hələlik açıqlanmayıb, lakin italyanlardan bir neçə tizer dərc edəcəyini gözləmək olar. Lamborghini Revuelto kupesinin əsas bazarlarda ilin ikinci yarısında peyda olacağı ehtimal edilir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.