Umumi elektrikləşdirmə Volkswagen konserninə daxil olan və ekoloji tələblərə uyğunlaşmaq məcburiyyəti ilə qarşılaşan Lamborghini markasından da yan keçməyib. Şirkət rəhbəri Stefan Vinkelmann Buğa bürcündə ən parlaq ulduzun adını daşıyan Direzione Cor Tauri strategiyasını təqdim edib (axı ənənəvi olaraq Lamborghini emblemində qəzəblənmiş öküz təsvir olunur).

Hazırda Lamborghini şirkətinin model çeşidi yalnız benzin mühərrikli avtomobillərdən ibarətdir - bunlar Huracan, Aventador və Urus üçlüyü, habelə onlara əsaslanan kiçik seriya ilə buraxılan ultra bahalı superkarlar və ya hətta yeganə nüxədə inşa edilmiş modellərdir. Bu il italyan markası V12 mühərriki ilə təchiz edilən iki modeli təqdim edəcəkdir – bu modellər elektrik əlavəsi olmayan son Lamborghini avtomobilləri olacaqdırlar. Bundan sonra ancaq hibridlər təklif ediləcəkdirlər.

Elektrik əlavəsi ilə təchiz edilmiş ilk Lamborghini modeli iki il əvvəl debüt edtmiş Sian superkarı olub. 2023-cü ildə italyan istehsalçısı hibrid güc qurğusu ilə təchiz edilmiş yeni superkarı təqdim etməyi planlaşdırır.  

Böyük ehtimalla, bu model Aventador superkarının varisi olacaqdır. 2024-cü ilin sonuna qədər bütün Lamborghini modelləri hibrid güc qurğusu ilə təchiz ediləcəkdirlər.

Əsas məqsəd, 2025-ci ilin əvvəlinə qədər bütün model çeşidi üzrə hesablanan ortalama CO2 emissiyası səviyyəsinin yarıya qədər azaltmaqdır. Bu məqsədlə şirkət dörd il ərzində yeni modellərin inkişafına 1,5 milyard avro sərmayə qoyacaqdır ki, bu da Lamborghini markasının tarixindəki ən böyük investisiyadır.

Bu onilliyin ikinci yarısında isə ilk Lamborghini elektrokarı hazır olacaq ki, onun da "əsas" çeşiddə dördüncü model olacağı gözlənilir.