Sabah Lamborghini şirkəti əsrarəngiz superkarını nümayiş etdirməlidir. Dünən italyan istehsalçısı təqdimatın tarixi yazılmış tizeri dərc edərək, bu barədə hər kəsi xəbərdar edib. Ən maraqlısı odur ki, bu tizerdə sirli avtomobilin heç bir hissəsi nümayiş etdirilməyib.

Bu gün italyan istehsalçısı özünün Twitter sosial şəbəkəsindəki səhifəsində maraqlı bir tizeri (baş şəkildəki) dərc edib və yeni tizerdə artıq sirli avtomobilin bir parçası nümayiş olunur. Bu parçanın üzərində həkk edilmiş "Realizzata a Sant'agata Bolognese" cümləsini də görmək olar.

Dünən yeni əsrarəngiz modelin kiçik seriya ilə buraxılan Sian modelinin açıq kuzovlu versiyasının ola biləcəyi barədə fikir yürütmüşdük. Bu gün dərc edilən tizer ehtimalımızda yanılmadığımızı göstərir. Tizerdə nümayiş etdirilən elementi Lamborghini Sian modelində də görmək mümkündür və bunu yuxarıda dərc edilmiş şəkil də təsdiq edir.