Çinli media maqnat Sian Li tərəfindən təsis edilmiş Leading Ideal şirkəti hələlik yalnız bir modeli - hibrid güc qurğusu ilə hərəkətə gələn və 53 min dollara satılan beşmetrlik Leading Ideal One krossoverini istehsal edir.

Qeyd etmək gərəkdir ki, Çin istehsalçısının seqment seçimi özünü doğruldub: 2020-ci ildə 33 min, 2021-ci ildə isə 90 mindən çox avtomobil satılıb! Buna görə də, şirkətin ikinci modeli kütləvi sedan deyil, daha bahalı və iri ölçülü Leading Ideal L9 krossoveri olacaqdır.

Yeni krossover One modelinin əsasında yaradılıb və onunla təkcə platformanı deyil, həm kuzovun güc strukturunu və güc aqreqatının fundamental quruluşunu bölüşür. Buna baxmayaraq fərqlər kifayət qədərdir. Leading Ideal L9 modeli 165 millimetr (3100 millimetrə qədər) artırılmış təkər bazasına və ön tərəf boyunca uzanan gündüz hərəkət işığının zolağı olan özünəməxsus dizayna malikdir.

Demək olar ki, bütün kuzov panelləri dəyişdirilib: avtomobilin təkcə uzunluğu (5200 millimetr) deyil, həm də eni (1998 millimetr) və hündürlüyü (1800 millimetr) artıb. L9 standart olaraq 21-düymlük təkər diskləri ilə təchiz edilir.

Alın şüşəsinin üstündə 128 lazer şüasına malik olan lidar quraşdırılmış donqar diqqəti çəkir. Bu, artıq on iki ultrasəs sensoruna, beşmillimetrlik radara və on iki kameraya (hər biri səkkiz meqapiksellik icazə ilə) malik olan avtopilot sisteminə başlıca əlavədir.

İlkin mərhələdə, avtopilot One modelində olduğu kimi ikinci muxtariyyət səviyyəsinə cavab verəcəkdir. Lakin bu səviyyəni dördüncüyə yüksəltmək imkanı da mövcuddur: məsələ proqram təminatından asılıdır.

İnteryer tamamilə yenidir və burada da qeyri-adi həllər mövcuddur. Ənənəvi cihazlar panelinin ekranı yoxdur və əsas məlumatlar (sürət, yürüş, enerji istehlakı) sükan topunun yuxarı hissəsində quraşdırılmış kiçik displeydə göstərilir. Eyni zamanda, bu məlumatlar iri proyeksiya ekranında da təkrarlanır.

Sürücünün sağında hər birinin diaqonalı 15,7 düym olan iki taçskrin var: mərkəzi ekran klimat-kontrol, naviqasiya və digər tənizmləmələrə cavabdehdir, sərnişinin önündəki ekran isə yalnız mediasistem üçün nəzərdə tutulub.

Krossoverin avadanlıq siyahısındakı Dirac  səs sisteminin 21 dinamikindən dördü birinci və ikinci cərgənin oturacaqlarının arxa hissəsinə quraşdırılıb. Səs sisteminin ümumi gücü 2160 vattdır.

Salonda üç oturacaq sırası var və altı oturacağın hər biri nappa dərisi ilə üzlənib, elektriklə tənzimləməyə və qızdırılma funksiyasına malıkdir. Ön oturacaqlar havalandırmalıdır və masaj funksiyası ilə təchiz olunurlar, ikinci sıranın oturacaqlarda isə irəli çıxan ayaq dayaqları var.

Arxa sərnişinlərin ixtiyarına qatlanan masalar, mərkəzi tuneldəku soyuducu və tavanda quraşdırılmış açılan 15,7-düymlük monitor verilib.

Texniki hissə haqqında məlumat çox azdır. Leading Ideal One modeli kimi, Leading Ideal L9 krossoveri də ardıcıl hibrid güc qurğusuna malikdir, lakin kapotun altında 1,2-litrlik üçsilindrli benzin turbomühərrikinin əvəzinə Miller qənaət dövrü ilə işləyən və dartma batareyasını dolduran 1,5-litrlik dördsilindrli mühərrik quraşdırılıb.

Təkərləri elektrik mühərrikləri hərəkətə gətirirlər. Dolu batareya ilə krossover 200 kilometr məsafə qət edə bilər. Dolu yanacaq çəni və batareya ilə krossoverin maksimal yürüş məsafəsi 1200 kilometrə çatır. Xatırladaq ki, One krossoverinin son versiyasında bu göstərici 1080 kilometrdir.

Leading Ideal L9 modeli haqqında ətraflı məlumat, onun qarşıdan gələn Pekin avtosalonundakı təqdimatı zamanı dərc olunacaqdır. Daha sonra isə, yeni krossoverin qiyməti açıqlanacaqdır. İlkin məlumatlara görə, Çində L9 modeli 70-75 min dollara başa gələcəkdir. Buna baxmayaraq, bu məbləğ, Leading Ideal şirkətinin öz krossoverinin əsas rəqibləri hesab etdiyi Mercedes-Benz GLS və Range Rover modellərinin Çindəki satış qiymətlərindən xeyli azdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.