Doqquz illlik fasilədən sonra tiffozilər Monzada sevimli komandalarının qələbəsini bayram ediblər. Bu sevinci onlara yaşadan italyan komandasının gənc pilotu Şarl Lekler olub. Gənc monakolu şənbə günü poulu qazanaraq ikinci ardıcıl qələbəinin təməlini qoyub.

Startda mövqeyini qorumağa müvəffəq olan gənc pilot yarış boyu Mercedes pilotlarının təzyiqi ilə qarşılaşıb. Əvvəlcə Lyuis Həmilton, sonra isə Valtteri Bottas monakolunun müdafiəsini yarmağa cəhd göstəriblər. Beşqat dünya çempionu dəfələrlə Lekleri keçməyə cəhd etsə də, buna müvəffəq olmayıb. Hətta, Leklerin birinci döngədəki səhvi Lyuisə kömək etməyib. Sonunda təkərlərini “öldürən” Həmilton özü səhvə yol verib və komanda yoldaşı Bottasa keçilib. Sonradan Soft təkərlərinə keçən Həmilton bonus xalını öz aktivinə yazdırıb.

Bottas isə, Həmiltondan fərqli olaraq monakoluya elə də güclü təzyiq göstərə bilməyib, bu da azmış kimi, özü də səhvlər buraxmağa başlayıb. Lekler isə, bu təzyiqlərə davam gətirərək yarışı qələbə ilə başa vurub. Leklerdən fərqli olaraq dördqat dünya çempionu olan Sebastyan Fettel Monzada bərbad pilotaj nümayiş etdirib. Əvvəlcə Askari döngəsində səhvə yol verən alman pilot, təhlükəli şəkildə trekə qayıdaraq Stroll ilə toqquşub. Trekə qayıdan Stroll isə, öz növbəsində Qaslinin çınqıllığa çıxmasına səbəb olub. Trekə təhlükəli qayıtdığına görə Fettelə 10 saniyəlik dur/get, Strola isə, pitdən keçmə cəzası verilib.

Renault pilotları Daniel Rikkardo və Niko Hülkenberq Monzada yaxşı çıxış ediblər və nəticədə yarışı dördüncü və beşinci olaraq bitiriblər. Xal qazanmağa namizəd olan Karlos Sayns və Daniil Kvyat isə, texniki nasazlıq ucbatından bu şanslarını itiriblər. Texniki nasazlıq səbəbindən yarışı tərk edən pilotlardan biri də Kevin Maqnussen olub.

Son sıradan start alan Maks Ferstappen də yaxşı çıxış edib və səkkizinci olaraq finiş xəttini keçib. Yarışa pitdən başlayan Kimi Rəykkonen isə, komandanın səhvi ucbatından ilk onluğa daxil ola bilməyib. Komandanın fin pilotun bolidinə düzgün olmayan şinləri taxması, ona 10 saniyəlik dur/get cəzası verilməsinə səbəb olub.

 Monzadan xalla ayrılan pilotlar  Alek Əlbon, Serxio Peres, Antonio Covinazzi və Lando Norris olublar.