Lexus şirkəti Cenevrə avtosalonunda UX krossoverinin seriya variantını təqdim edə bilər. NX modelindən bir pillə aşağıda yerləşək yeni krossoverin carçısı olan eyni adlı konsept 2016-cı ildə Paris avtosalonunda təqdim edilmişdir.

Şirkətdən rəsmi açıqlama verilməsə də Car Magazine nəşri bu hadisənin məhz Cenevrə avtosalonunda baş tutcağından əmindir. Bunu qismən Lexus şirkətinin vitse-prezidenti Yoşihiro Savanın sözləri də təsdiq edir. Yaponiyalı menecer yeni krossoverin «çox uzaq olmadığını» və onun əsas hədəfinin gənclər təşkil etdiyini bildirib. Yapon şirkətinin Şimali Amerka nümayəndəliyinin rəhbəri Cef Breken də yeni krossoverə tələbatın olduğunu söyləyib.

«Bizim dilerlər artıq konseptin seriya variantını görmək istəyirlər, - Breken qeyd edib. - Bu bizim alıcıların axtardıqları avtomobildir».  

Modelin istehsalının nə zaman başlayacağı barədə məlumat olmasa da, Lexus şirkətinin ABŞ-da UX 200, USX 250 və UX 250h əmtəə nişanlarını qeydiyyatdan keçirdiyi artıq məlumdur. Bu yeni krossoverin dörd silindrli mühərrik və hibrid güc qurğusu ilə təchiz ediləcəyindən xəbər verir.

Konsept avtomobili ölçülərinə görə Mercedes-Benz GLA modelindən kiçik olsa da, Audi Q3 modelindən iridir.

Seriya modeli bənzər ölçülərə malik olduğu halda hansı modellərlə rəqabət aparacağını söyləmək çətin olmayacaqdır.