Məlum olduğu kimi, keçən həftə Lexus şirkəti yığcam NX krossoverinin ikinci nəslini nümayiş etdirib. Yeni krossover onlayn şəkildə keçirilən tədbirdə işıq üzü görüb. Qeyd etmək gərəkdir ki, Lexus NX modelinin yeni nəsli PHEV güc qurğusuna və bir sıra yeniliklərə sahib olub. Yeni krossover barədə ətraflı məlumatla saytımızda tanış ola bilərsiniz.

Bununla belə, avtomobilin təqdimat mərasimi zamanı baş vermiş maraqlı bir hal diqqətimizi çəkib - belə ki, tədbirin başlanğıcında örtük altında iki avtomoblin olduğu görünür. Əgər bu məqaləyə əlavə etdiyimiz videoçarxın yeddinci dəqiqəsinə diqqət yetrisəniz, tədbirin sonunda yeni Lexus NX modelinin qonşuluğundakı avtomobilin üzərindəki örtüyün götürülmədiyinin şahidi ola bilərsiniz.

Böyük ehtimalla, örtüyün altındakı naməlum modelin Lexus markasının flaqman ofrouderi LX modelinin növbəti nəslidir. İlk baxışdan da göründüyü kimi, örtüyün altındakı avtomobil NX krossoverndən daha iri ölçüləri ilə seçilir. Üstəlik, örtüyün altında görünən iri radiator barmalığı da buna işarə edir. 

Lexus dilerlərindən əldə olunan qeyri-rəsmi məlumatlara görə, yeni LX beş təchizat səviyyəsində - 570, 570 Sport, həmçinin 600, 600 F Sport, 600 VIP səviyyələrində debüt edəcəkdir. Zavoddaxili işarələrə əsasən LX 570 modeli sınanmış 5,7-litrlik V8 3UR-FE atmosfer mühərrikini qoruyub saxlayacaq, LX 600 isə 3,5-litrlik altısilindrli V35A-FTS turbomühərrikinə sahib olacaqdır. Bütün Lexus LX modelləri tam ötürməli olacaqlar, hər iki benzin aqreqatı isə yeni 10-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır.

Sport və F Sport paketləri olan yolsuzluq avtomobilləri, şübhəsiz ki, xüsusi dekora və fərqli kuzov dəstinə sahib olacaqdır, VIP versiyası isə avadanlığı ilə təəccübləndirə bilər – çox güman ki, belə ofrouder LS sedandan götürülmüş yüksək rahatlıqlı arxa divanla təchiz ediləcəkdir.

Yeni Lexus LX ofrouderinin təqdimatı avqust ayının sonunda və ya sentyabr ayının əvvəlində olacaq, amma təqdimatından əvvəl premium yapon markası bəzi maraqlı şəkil və videoçarxları yayımlamalıdır.(c) Autograph.az