Lexus şirkəti yeni yığcam UX krossoverinin eksteryeri və interyeri təsvir edilən fotoşəkli və videoçarxı dərc edib. Yeni krossover yaxın günlərdə işinə başlayacaq Cenevrə avtosalonunda təqdim ediləcəkdir.

Seriya modeli haqqında ətraflı məlumat yoxdur. Krossover, iki il bundan öncə Paris avtosalonunda debüt etmiş eyni adlı konseptin üslubunda yaradılıbdır. Yapon markasının Fransadakı dizayn-studiyasının mütəxəssisləri tərəfindən yaradılan konsept  tündləşmə imkanı olan elektroxrom şüşələr və “kinetik oturacaqlar” adlanan kreslolarla ilə təchiz edilirdi.

Əvvəllər Lexus UX krossoverinin CT 200h hibrid hetçbekini əvəz edəcəyi ehtimal olunurdu. Yeni krossover yapon premium avtomobillər istehsalçısının model cərgəsində NX krossoverindən bir pillə aşağıda qərarlaşmalıdır.  Lexus şirkəti Cenevrə avtosalonunda LF-1 Limitless konseptini və Lexus RX L yeddi yerli krossoverini də nümayiş etdirməyi planlaşdırır.