Bu günlərdə casusların obyektivlərinə qeyri-adi Lexus prototipi rast gəlib: bu, eyni platformanı bölüşən Toyota GR 86 və Subaru BRZ modellərinə bənzəyən, lakin müasir Lexus avtomobillərindəki kimi ön hissəyə malik olan yığcam idman kupesidir.

Xarici KİV-lərdə yer alan xəbərlərə görə, layihəyə Lexus UC adı verilib və yeni modelin debütü 2021-ci ilin payızına planlaşdırılıb. İnsayderlər Lexus sportkarının GR 86 və BRZ modellərindən götürülmüş 2,4-litrlik mühərrikə əsaslanan yeni hibrid güc qurğusunu və ən yeni media sistemini alacağını bildiriblər.

Lexus UC

Yaponiyanın Spyder7.com portalının verdiyi məlumata görə, UC indeksinin açıqlaması Urban Coupe (“Şəhər Kupesi”) mənasını verir. Yeni kupe Toyota GR 86 və Subaru BRZ modeelləri ilə eyni arxitektura üzərində inşa edilib və  elektrikləşdirilmiş güc qurğusu ilə hərəkətə gəlir: bu ya “yumşaq” hibrid, ya da elektrik enerjisi doldurma funksiyasına sahib tam hüquqlu hibrid ola bilər.

Güc aqreqatının xarakteristikaları hələlik açıqlanmayıb, ancaq hibrid qurğunun gücünün GR 86 və BRZ kupelərinin təchiz edildiyi 2,4-litrlik atmosfer mühərrikinin hasil etdiyi 235 at qüvvəsindən çox olacağı gözlənilir.

Toyota GR 86 və Subaru BRZ

Lexus UC kupesi ölçülərinə görə Toyota GR 86 modelindən böyük olacaqdır: kupenin uzunluğu 4,5 metr ( GR 86 modelinin uzunluğu 4,23 metrdir) olacaqdır. Eyni zamanda, yeni kupe 4,7 metrlik Lexus RC kupesindən nəzərəçarpacaq dərəcədə qısa olacaqdır.

Lexus kupesinin əsas xüsusiyyəti ön tərəfin LC və GS modellərinin üslubundakı tərtibatı olacaqdır. Lexus UC modelinin yeni nəsil NX krossoverindən tanış olan ən yeni məlumat-əyləncə sistemini də alacağı söylənilir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.