Liberty Walk studiyası Yaponiyada fəaliyyət göstərən məşhur tüninq atelyelərdən biridir. Yeni nəsil Toyota Land Cruiser modelinin debütündən sonra, hər kər bu atelyenin populyar ofrouder üçün ilk tüninq dəstini hazırlayacağını gözləyirdi, lakin Modellista ateylesi həmyerlilərini qabaqlamağa müvəffəq olmuşdu. Nəhayət, bu günlərdə Liberty Walk atelyesi də öz tüninq proqramını nümayiş etdirib.

Liberty Walk mütəxəssisləri kənarlarında duman əleyhinə fənərləri olan yeni aşağı paneli quraşdıraraq avtomobilin ön hissəsini dəyişdirib. Bundan başqa, qara rəngli toru olan başqa radiator barmaqlığı və karbondan hazırlanmış kapot quraşdırılıb. Radiator barmaqlığında atelyenin adı da peyda olub.

Məlum məsələdir ki, Liberty Walk atelyesinin firma elementlərindən olan danad genişləndiriciləri də yerlərini alıblar. Arxa hissədə buraxılış sisteminin yeni çıxış boruları, damda və arxa şüşənin altında yerləşdirilən spoylerlər, habelə diffuzor quraşdırılıb. Qırmızı haşiyələri olan yan güzgü gövdələri də diqqəti çəkir.

Liberty Walk atelyesi bu dəsti bir neçə variantda təklif edir. Ən ucuz variantın tərkibinə ancaq ön panel, arxa diffuzor, çıxış borularının ucluqları və qanad genişləndiriciləri daxildir. Belə dəstin qiyməti 6.270 dollardır. Bu siyahıya radiator barmaqlığını və iki spoyleri əlavə etdikdə, dəstin qyməti 8.580 dollara çatır.

Nəhayət, bütün bunlara karbon kapot əlavə edildikdə, dəstin qiyməti 14.080 dollara yüksəlir. Lakin bu son deyil - əlavə 5.500 dollar qarşılığında, orjinal təkər diskləri dəstini əldə etmək olar. Yəni, tam tüninq proqramı 19.580 dollara başa gələcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.