Los-Anjeles polisi, hüquq-mühafizə orqanlarının avtomobil parkının “yaşıllaşdırılmasını” nəzərdə tutan ekoloji proqram çərçivəsində əldə etdiyi yüzə yaxın BMW i3 elektrokarlarının əksər hissəsindən istifadə etmir. Az sayda elektrokarlardan isə, polis əməkdaşları şəxsi məqsədləri üçün istifadə edirlər. Bu neqativ hal yerli KCBS-TV telekanalının apardığı təhqiqat nəticəsində aşkarlanıb.

Los-Anjeles şəhərinin polis departamenti BMW şirkəti ilə iki il bundan öncə müqavilə imzalayıb. Polis təşkilatı 100 ədəd i3 elektrokarını və onların doldurulması üçün gərək olan stansiyaları lizinqə götürüb. Müqavilənin məbləği ümumilikdə 10,2 milyon dollar təşkil edib. Elektromobillərdən xidməti nəqliyyat kimi və ictimayyətlə iş üçün istifadə etmək nəzərdə tutulub.

Jurnalistlərin apardığı araşdırma nəticəsində elektrokarların əksər hissəsinin iki il ərzində min kilometr belə qət etmədiyi, onlardan “populyar” olanların isə, ortlama yürüşünün üç min kilometr olduğu məlum olmuşdur. Bununla belə, i3 modellərindən xidməti işlər üçün deyil, şəxsi məqsədlər üçün istifadə edilirmiş. Məsələn, polis əməkdaşları manikür salonuna, yemək üçün restorana və uşaqları gətirmək üçün məktəbə gedirlərmiş.

Jurnalistlər polisi vergi ödəyicilərinin pulunu "göyə sovurmaqda" və ekoloji təmiz nəqliyyatdan istifadə etmək əvəzinə özünüreklamda ittiham ediblər. Əvvəllər Los-Anjeles polisi 100 ədəd i3 modeli ilə kifayətlənməyəcəyini bildirib. Beş il ərzində 500 avtomobilin əldə edilməsi planlaşdırılıbmış.