Lumma Design atelyesi hər zaman maraqlı tüninq proqramı ilə seçilir. Doğrudur, atelyenin tətbiq etdiyi elementlər ifrat dərəcədə aqressivlik daşısa da, Lumma kifayət qədər pərəstişkarlara malikdir. Bu günlərdə tüner Audi SQ5 modeli üçün hazırladığı təkmilləşdirmələr proqramını təqdim edib. Qeyd etmək lazımdır ki, Lumma Design mütəxəssisləri hər zaman əsas diqqəti eksteryer dizaynı üzərində cəmləyirlər, interyerdəki yeniliklər isə, alüminiumdan pedal üzləri və firma loqotipinə malik olan ayaqaltıları məhdudlaşır.

Lumma Design Audi SQ5 krossoverini daha aqressiv etmək üçün CLR 5S dəstini təklif edir. Tünerin iddiasına görə, bu dəst avtomobili «heyranedici, idman görünüşlü və individual» edir. Hər halda bu tünerin şəxsi qənaətidir. Dəstin tərkibinə təkər tağlarının genişləndiriciləri, splitterlə təchiz edilmiş ön bamper, kandar ətəkləri, diffuzora sahib olmuş yeni formalı arxa bamper daxildir. Bundan başqa, Lumma loqotipini daşıyan kvadrat formalı çıxış borularını da qeyd etmək olar. Opsional olaraq, karbondan hazırlanmış arxa spoyleri də sifariş etmək mümkündür.

Kuzovu boz rəngə boyanan krossover, qara rəngə boyanmış və qırmızı haşiyəyə malik olan təkər diskləri ilə lovğalana bilər. Əgər bunlarla kifayətlənmək fikrininz yoxdursa, Lumma əlavə vəsait qarşılığında klirensi öndə 35 millimetr, arxada isə 30 millimetr azaldacaq yay dəstini də quraşdıra bilər. Bonus olaraq əyləc supportlarını müxtəlif rənglərdən birinə boyatdırmaq da mümkündür.

Bütün bu dəyişikliklərdən sonra mühərrikin gücünü artırmadan ayrılmaq sadəcə ayıb olar. Məlumdur ki, SQ5 modelinin standart mühərriki 354 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edir. Lumma mütəxəssisləri sizə əlavə 50 at qüvvəsi və 110 Nm bəxş etməyə hazırdılar. Əlbəttə ki, bu sizə müftə başa gəlməyəcəkdir. Atalar demişkən, əliniz cibinizdə olsun... 

Image alt Image alt Image alt Image alt Image alt Image alt