Bu gün Le Kastelledəki Pol Rikar avtodromunda keçirilmiş Fransa Qran Prisi Mercedes komandasının növbəti dublu ilə başa çatıb. Yarışın qalibi Lyuis Həmilton olub və o bu mövsümdəki altıncı qələbəsini əldə edib. Şarl Lekler finiş xəttini üçüncü keçərək podiumun son pilləsinə qalxıb. Yarışın sonlarına yaxın Valtteri Bottasla ara məsafəsini bir saniyəyə endirən monakolu rəqibinə hücum etmək imkanına malik olmayıb.

Lyuis Həmilton startdan finişçə qədər yarışa liderlik edib. Britaniyalının böyük dəbilqə əldə etmək arzusunu Sebastyan Fettel gözündə qoyub. Yarışın sonunda pit-stopa yollanaraq yumşaq şinlərə keçən Fettel son dövrədə yeyin zamana imza ataraq bonus xalını öz aktivinə yazdırıb. Dünənki fiaskodan sonra yeddinci yerdən yarışa başlayan alman pilot, yarışın əvvəlində McLaren pilotlarını keçərək beşinciliyə qədər yüksəlib və yarışı da elə bu yerdə bitirib. 

Maks Ferstappen startda Şarl Lekler ilə çəkişsə də, monakolunu keçə bilməyib. Holland pilot yarışı Leklerin ardınca dördüncü bitirib. McLaren pilotları da yaxşı çıxış ediblər. Karlos Sayns startda komanda yoldaşını keçib. McLaren pilotlarının yarışı altıncı və yeddinci yerdə bitirmək şansı olsa, Lando Norrisin bəxti gətirməyib. Yarışın sonlarına yaxın ötürmələr qutusu ilə problem yaşayan gənc britaniyalı Daniel Rikkardo, Kimi Rəykkonen və Niko Hülkenberqə keçilib.

Haas komandası Fransada çox zəif çıxış edib. La Kastelledə yarışdan çəkilən yeganə pilot Romen Qroşan olub. Bu, fransız pilotun başına gələn 41-ci belə hadisədir. Yarışda yeganə cəza alan isə Serxio Peres olub. O, yarışın başlanğıcında trekin kənarına çıxaraq üstünlük qazandığı üçün cəzalandırılıb.