Dünən Hunqarorinqdə keçirilən Macarıstan Qran Prisinin qalibi Lyuis Həmilton olub. Beşqat dünya çempionu qələbəni Red Bull Racing pilotu Maks Ferstappen ilə mübarizə aparaq əldə edib. Podiumun üçüncü pilləsinə Ferrari pilotu Sebastyan Fettel qalxıb.

İlk cərgədən yarışa başlayan Valtteri Bottas əvvəlcə komanda yoldaşı Həmiltona, sonra isə Ferrari pilotu Şarl Lekler tərəfindən keçilib. Hər iki ötmə zamanı avtomobillər arasında təmas yaşanıb. Lekler ilə mübarizə zamanı Bottasın avtomobilin ön qanadı zədələnib və bir müddət sonra temp itirən fin pilot məcburi pit-stopa yollanmalı olub. 

İlk pit-stoplardan sonra ilk üçlükdəki vəziyyət dəyişməyib. Həmilton Ferstappenə hücum məsafəsinə qədər yaxınlaşaraq gənc hollandiyalını keçməyə çalışıb, lakin Ferstappen britaniyalının hücumlarının qarşısını alıb. Bunu görən Mercedes komandasının rəhbərliyi strategiyada dəyişiklik edərək iki pit-stop taktikasına keçib. Bundan sonra sürətli dövrələr vuran Həmilton yarışın bitməsinə altı dövrə qalmış Ferstappeni yaxalayaraq, sona üç dövrə qalmış onu asanlıqla keçib.

Ferrari pilotlarının geridə qalmasından istifadə edən Ferstappen yumşaq şinlərə keçib və 69-cu dövrədə sürətli zamana imza ataraq bonus xalını Həmiltonun əlindən alıb. Scuderia Ferrari üçün Hunqarorinqdəki yarış fiasko ilə nəticələnib. Yarışı üçüncü yerdə bitirmiş Fettel liderdən 61 saniyə geridə qalıb. Scuderia-nın rəhbəri Mattio Binotto SF90-nbunu yerəbasma gücünün kifayət qədər olmaması ilə izah edib.

Karlos Sayns Almaniyada olduğu kimi Macarıstanda da yarışı beşinci bitirib. Starda doqquzunculuğa geriləmiş Pyer Qasli yarışı altıncı olaraq bitirməyi bacarıb. Əslində Lando Norris Qaslinin önünündə yarışı bitirə bilərdi, lakin pit-stopdakı gecikmə gənc britaniyalıya baha başa gəlib - o, Rəyykonen və Bottasdan sonra doqquzuncu olub. İlk onluğu Aleks Əlbon tamamlayıb.

Hunqarorinqdə finiş görməyən yeganə pilot Romen Qrojan olub.