Jil Vilnyov adına avtodromda finiş xəttini ikinci keçən Lyuis Həmilton Kanada Qran Prisinin qalibi olub. Yarışa liderlik edən və finiş xəttini birinci keçən Sebastyan Fettel isə 5 saniyəlik cəza sayəsində ikinci təyin edilib. Şarl Lekler isə podiumun son pilləsinə qalxan pilot olub.

Yarışı pouldan başlayan Fettel startda yerini qoruyaraq yarışa liderlik edib. Sebastyan beşinci dövrədə onu təqib edən Həmilton ilə ara məsafəsini iki saniyəyə qədər artırıb. Yarışın ekvatoruna yaxın dövrələrdə pit-stopa yollanan liderlər Medium təkərlərini Hard  ilə əvəzləyiblər. Pit-stoplar vəziyyəti dəyişməyib. Ferrari komandası yenə də Leklerin pit-stopunu gecikdirərək onun Maks Ferstappenin arxasında çıxmasına səbəb olub. Lakin, Lekler hollandiyalını keçərək üçüncülüyə yüksəlib və bundan sonra rahat şəkildə yarışı bitirib.

Bu il müzakirə və mübahisələrin səbəbi olacaq an

Yarışın startında Antonio Covinazzi və Aleks Əlbontəmas yaşayıblar. Nəticədə, Toro Rosso bolidinin ön qanadını sınıb. Sınmış qanad parçalarından biri Romen Qrojanın bolidinə sıçrayıb və fransız pilot döngəni kəsərək onu əli ilə çölə tullamaq məcburiyyətində qalıb. Digər bir insident isə Norrisin bolidi ilə qeydə alınıb – 8-ci dövrədə McLaren boldinin arxa asqısı dağılıb.

İşlər 45-ci dövrədə Fettelin dördüncü dövrədəki səhvindən sonra qarışıb. Sürəti düz seçməyən Fettel döngəni kəsmək məcburiyyətində qalıb və hakimlərin fikrincə trekə təhlükəli şəkildə qayıdıb. Onlar alman pilota 5 saniyəlik cəza vermək qərarına gəliblər. Bu isə, avtomatik olaraq, qələbənin Lyuisə verilməsi anlamına gəlirdi. Əlbəttə ki, Həmilton Fettelə uzaqlaşmağa imkanı verməyib və sonunda finişi ikinci keçsə də, qələbəni bayram edib. Fettel hakimlərin bu qərarı ilə razılaşmayıb, hətta avtomobili texniki zonada saxlayaraq Ferrari komandasının motorhomuna gedib. Çox güman ki, komanda rəhbərliyi alman pilotu podiuma qalxması üçün dilə tutmalı olub.

Valtteri Bottas da gözlənildiyinin əksinə olaraq sönük yarış keçirib. Buna baxmayaraq, fin pilot yarışı dördüncü olaraq bitirib. Maks Ferstappen beşinci, Daniel Rikkardo isə altıncı olub. İlk onluğu Niko Hülkenberq, Pyer Qasli, Lens Stroll və Daniil Kvyat tamamlayıb.

Yeri gəlmişkən, yarışdan sonra bir sıra pilotlar hakimlərin qərarının haqsız olduğunu bildiriblər. Onların arasında F1 pilotları Mario Andretti, Naycel Mensell, Deymon Hill, Aleks Vurz, Mark Uebber, Alan Makniş,  IndyCar pilotları Maks Çilton və Feliks Rozenkvist də vardır. NASCAR Cup seriyasının yeddiqat çempionu Cimmi Conson isə - “mən çox şadam ki, bizdə (belə) hakimlər yoxdur”, - dəyərək qəbul edilmiş qərara münasibətini bildirib.