2020-ci ildə debüt edən Maserati MC20 superkarı açıq versiyaya sahib olacaqdır: MC20 Cielo (italyan dilindən tərcümədə “səma” kimi tərcümə olunur) adlanan model mayın 25-də işıq üzü görəcəkdir. Maserati nümayəndələri yeni modeli “öz nəslində yeganə” və 100 faiz italyan avtomobili adlandırırlar: o, Modenadakı Maserati İnnovasiya Laboratoriyasında hazırlanıb və onun yığılması artıq kupenin də istehsal olunduğu Viale Ciro Menottidəki tarixi zavodda təşkil olunacaqdır. Maserati MC20 Cielo modeli qatlanan sərt damı alacaq və texniki cəhətdən adi MC20 kupesini təkrarlayacaqdır.

Şirkət yeni modelin adının mənasını izah beelə edib: MC - Maserati Corse (“yarış”) mənasını verir, 20 rəqəmi “brendin yeni erasının” başladığı 2020-ci ilə işarə edir, Cielo (“səma”) indeksi isə rodsterin “səmaya baxıb ləzzət almağın yeni üsulunu” təklif etdiyini vurğulayır. Yeri gəlmişkən, MC20 Cielo modelinin reklam şüarı da belə səslənir.

MC20 Cielo rodsteri Maserati şirkətinin son 20 ildə müstəqil şəkildə yaratdığı ilk güc aqreqatı - 630 at qüvvəsi və 730 Nm fırlanma anı hasil edən 3,0-litrlik Nettuno V6 mühərriki ilə təchiz ediləcəkdir. Güc aqreqatı iki muftalı 8-pilləli “robot” ilə tandemdə çalır. Arxaötürməli kupe mexaniki və elektron kilidi olan məhdud sürtünməli differensial ilə təchiz edilir.

MC20 Cielo rodsterindən sonra, sportkarın modifikasiya çeşidində elektromobil peyda olmalıdır. Elektrik versiyası MC20 ailəsində ən güclü modifikasiya olacaq və rodsterdən sonra təqdim ediləcəkdir. Amma elektromobilin hansı kuzovu alacağı məlum deyil.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.