Əslində, Maserati şirkəti yeni nəsil GranTurismo modelinin ilk tizerini keçən ilin sentyabrda dərc etmişdi. Həmin tizerdə kupenin tanış silueti olan tündləşdirilmiş görünüşü təsvir edilirdi. Faktiki olaraq, bu kupenin 2021-ci ildəki təqdimatının anonsu idi. İndi isə, istehsalçı tam ölçülü tizer kampaniyasına start verib.

İtalyan istehsalçısı yeni kupenin prototipinin sınaqları zamanı çəkilmiş şəkilləri dərc edib. Şəkillərdə əvvəl gördüyümüz kimi, Alfa Romeo Giulia modelinə əsaslanan “qatır” deyil, orijinal kuzova malik olan, lakin bol kamuflyajla örtülmüş avtomobil təsvir olunub.

Kamuflyaj örtüyünə baxmayaraq, bir neçə il bundan öncə istehsaldan çıxarılmış kupe ilə müqayisədə daha yuvarlaq formalara malik olan radiator barmaqlığını görmək olar. Ön bamperin kənarlarındakı iri hava girişləri yerlərini qorusalar da, onların forması dəyişdiriləcəkdir.

Təsvirlərdən göründüyü kimi, yeni kupenin ön fənərləri yeni Maserati MC20 modelinin işıq texnikasına bənzər olacaqdır. Avtomobilin arxa hissəsi göstərilməsə də, arxa işıq texnikasının yeni olacağını söyləmək lazımdır.

Rəsmi olaraq, bütün Maserati modellərinin üçmühərrikli Folgore güc qurğusu ilə təchiz edilən elektrik versiyalarının buraxılacağı təsdiqlənib və GranTurismo belə güc qurğusunu alacaq ilk Maserati olacaqdır.

Lakin daxili yanma mühərrklərindən imtina kütləvi hal almayacaqdır: istehsalçısının planlarında benzin kupesi də var. Çox güman ki, yeni kupe artıq MC20 modelindən tanış olan yeni 3,0-litrlik V6 Nettuno mühərrikini alacaqdır. Hətta 4,0-litrlik V8 mühərriki barədə də şayiələr dolaşmaqdadır.

GranTurismo modelinin ardınca GranCabrio kabrioleti də nəsil dəyişdirəcəkdir. 2021-ci iildə Maserati daha bir vacib təqdimatı həyata keçirməlidir - italıyan markasının model xəttinə ikinci krossover əlavə ediləcəkdir. Bu, yığcam ölçülü Maserati Grecale krossoveridir. (c) Autograph.az