Maserati şirkəti MC20 superkarını təqdim etdikdən sonra, yeni tizeri dərc edərək, Grecale ("qrekal" və ya "qreqal") adlı krossoveri buraxacağını bəyan edib. Bu, bəzən fırtınaya keçə bilən, Aralıq dənizində əsən soyuq və olduqca güclü şimal-şərq küləyinin adıdır.

Grecale italyan markasının model xəttindəki ikinci krossover olacaq və Levante krossoverindən bir pillə aşağıda qərarlaşacaqdır. Yeri gəlmişkən, Levante də Aralıq dənizində əsən küləklərdən birinin adıdır.

"Böyük" modeldən fərqli olaraq, Grecale "idman və praktik avtomobil" kimi səciyyələndirilir. Tizerdən göründüyü kimi, Maserati Grecale modeli tədricən alçalan dam xəttinə, damda qurıadırılmış qısa spoylerə, güclü mailliyə malik olan arxa dayaqlar və uzun kapota sahib olacaqdır.

Yeni krossoverin əsasını Stelvio krossoveri və Giulia sedanının inşa edildiyi arxa ötürməli Giorgio platforması təşkil edəcəkdir. Müvafiq olaraq, Grecale modelinin istehsalı İtaliyanın Kassino şəhərindəki Alfa Romeo modellərinin istehsal olunduğu zavodda təşkil ediləcəkdir. Maserati Grecale krossoverinin təqdimatının gələn ilin yazında keçirilməsi planlaşdırılır.