Maserati şirkəti MC20 superkarının kapotu altında yerləşəcək yeni turbomühərrik haqqında texniki məlumatlarla bölüşüb. Güc aqreqatı rekord dərəcədə göstəriciləri ilə fərqlənir: 3,0-litrlik mühərrikin hasilatı 630 at qüvvəsi və 730 Nm fırlanma anıdır. Mühərrikin yaradılması zamanı Formula 1 texnologiyasından istifadə edilib.

Nettuno adlandırılan yeni altısilindrli Maserati benzin turbomühərriki "yüksək dövrəli" xarakteri ilə fərqlənir: ən yüksək 630 at qüvvəsi 7500 dövr/dəqiqədə əldə olunur, 730 Nm maksimal fırlanma anı isə 3000 ilə 5000 dövr/dəqiqə arasında əlçatandır.

Güc aqreqatının 1 litrinə düşən güc 210 at qüvvəsidir və bu göstəriciyə görə Nettuno 421 at qüvvəli 2,0-litrlik dördsilindrli Mercedes-AMG M139 mühərrikindən geri qalır. Altısilindrli mühərriklər arasında onun ən yaxın rəqibi Porsche şirkətinin 700 at qüvvəsinə malik olan 3,8-litrlik oppozit mühərrikidir. Porsche 911 GT2 RS superkarında quraşdırılan mühərrikin hər litrinə 184 at qüvvəsi düşür.

Mükəmməl xarakteristikaların əldə edilməsinə quru karterli yağlama sistemi və turbulent reaktiv alışdırma texnologiyası sayəsində nail olunmuşdur. Yenilik ondadır ki, yanacağın bir hissəsi əvvəlcədən kiçik forkameraya çilənir və alışdırılır, sonra isə alov əsas yanma kamerasına "köçürülür". Bu metod ekologiyaya zərər vermədən yanacaq qarışığının yanma səmərəliliyini artırmağa və yanacaq sərfiyyatını azaltmağa imkan verir. İlk dəfə turbulent reaktiv alışdırma texnologiyasından Ferrari komandası tərəfindən Formula 1 çempionatının 2015-ci mövsümündə istifadə edilmişdi.

Maserati, Nettuno turbomühərrikinin Euro-6d emissiya standartlarına cavab verdiyini və mühərrikin çəkisinin 220 kiloqramdan çox olmadığını vurğulayır. Müxtəlif güc variantlarında olan yeni 3,0-litrlik V6 mühərriki təkcə MC20 superkarında deyil, digər Maserati modellərində də quraşdırılacaqdır. Yeni turbomühərrik tədricən Levante GTS krossoverinin və Quattroporte GTS sedanının təchiz edildiyi Ferrari şirkətinin 3,8-litrlik V8 mühərrikini əvəz edəcəkdir.

Maserati şirkəti MC20 superkarı barədə ətraflı məlumatı sentyabr ayının əvvəlində açıqlayacaqdır. Böyük ehtimalla, gələcəkdə Nettuno hibrid əlavə ilə tamamlanacaq və Maserati tərəfindən sıfırdan hazırlanmış son daxili yanma mühərriki olacaqdır.