Sabah Maserati şirkəti özünün ilk seriya hibridini təqdim edəcəkdir. İtalyanlar hibrid modelə olan marağı artırmaq üçün iki videotizer hazırlayıblar. Hər iki videoçarxda Ghibli Hybrid modelinin dizayn elementləri əks etdirilir.

Birinci çarxda Ghibli-nin ön qanadında yerləşən və standart olaraq elektrikləşdirilmiş güc qurğusuna işarə edən mavi rəngli üç hava girişi nümayiş etdirilir.

İkinci tizerdə hibrid sedanın ön hissəsini nümayiş olunur. Videoçarxda Maserati modelinin klassik radiator barmaqlığını, həmçinin bamperdəki iri hava girişləri təsvir edilib. Bundan əlavə, videoda daha aqressiv dizayna malik olan işıq texnikası göstərilir.

Hibrid sedanın təchiz edildiyi güc qurğusu barədə məlumat verilmir, lakin modelin 2,0-litrlik dördsilindrli benzin turbomühərrikini və elektromotoru alacağı güman edilir. Hibrid qurğunun ümumi hasilatı təxminən 325 at qüvvəsi təşkil edəcəkdir.

Artıq qeyd etdiyimiz kimi, ilk Maserati hibridinin debütü iyulun 16-da keçiriləcəkdir. Modelin təqdimatı Bakı vaxtı ilə 15:00-da onlayn şəkildə keçiriləcəkdir.