Yamaha komandasının pilotu Maverik Vinyales Niderlandda keçirilən mərhələdə qələbə çalıb. Bu Maverikin bu mövsümdə əldə etdiyi ilk qələbədir. Mövsümün lideri Makr Markes ikinci olub.

Startda Suzuki pilotu Aleks Rins liderliyə yüksəlib. İlk üç dövrədə liderlik edən Aleks sonradan bayk üzərində nəzarəti itirərək yıxılıb. Xoan Mirin səhvi poulun sahibi Fabio Kuartararoya yenidən liderliyə yüksəlməyə şans verib. İkinci yerə isə, startdan sonra beşinci olan Mark Markes yüksəlib. Markesi Maverik Vinyales və Andrea Dovitsiozo təqib ediblər. Lakin, bir müddət sonra ilk üçlük Dovitsiozodan uzaqlaşıb. Qələbə uğrunda mübarizəni Kuartararo, Markes və Vinyales öz aralarında aparıblar.

Yarışın ortalarında Markes sürətli düzlükdə Kuartararonu keçsə də, sonrakı döngələrdə Fabio birinciliyi bərpa edib. İki dövrə sonra Vinyales Markesi, sonra isə Kuartararonu keçməyi bacarıb. Markes də Fabionu keçərək Vinyalesə təzyiq göstərməyə başlayıb. Lakin, yarışın sonlarına yaxın Maverik ara məsafəsini artırıb və bu məsafəni finişə qədər qoruyub.

14-cü yerdən start alan Valentino Rossi 11-ciliyə qədər yüksəlsə də Takaaki Nakaqamini keçmən zaman onunla toqquşub və yarışı tərk edib. Bu yeddiqat dünya çempionunun başına gələn üçüncü belə hadisədir. Dovitsiozo isə dördüncü olaraq yarışı bitirib. O, Danilo Petruççi və Xoan Miri qabağa buraxsa da, sonradan özünü ələ alaraq hər iki pilotu keçməyə müvəffəq olub. İlk onluğu Franko Morbidelli, Kel Kratçlou, Xoan Mir, Cek Miller və Andrea Yannone tamamlayıblar.