Yapon markaları üzrə insayder məlumatı üzrə ixtisaslaşmış Spyder 7 saytl növbəti nəsil Mazda6 modeli barədə məlumat ilə bölüşüb. Alınmış məlumata əsasən, yeni nəsil Mazda6 modeli uzununa yerləşən mühərriki olan FR Large Architecture platformasında inşa ediləcək və 48-voltluq startyor-generatorunun yardım etdiyi sıralı altısilindrli mühərriklə təchiz olunacaqdır.

Bundan başqa, elektrik əlavəsi olan turbodizelin də təklif ediləcəyi bildirilib. İki “mülayim” hibrid ilə yanaşı, qoşulan hibrid güc qurğusunun da modelin mühərrik çeşidinə daxil ediləcəyi qeyd olunur.

Bu ilin yayında Mazda şirkəti 2025-ci ilə qədər 13 yeni elektrokar və hibridi buraxacağını, 2030-cu ilə qədər isə, yalnız daxili yanma mühərriki ilə təchiz olunmuş avtomobillərdən imtina edəcəyini bildirmişdi. Şirkətin planlarına əsasən, gələn il benzin-elektrik güc qurğusu ilə təchiz edilmiş üç model, üç qoşulan (plug-in) hibrid, habelə üç elektromobil təqdim olunmalıdır.

Spyder7 saytının bildirdiyinə görə, 2022-ci ildə debüt edəcək yeni nəsil Mazda6 modeli yuxarıda adı çəkilən hibridlərdən biri olacaqdır. Təsdiq olunmamış məlumatlara görə, yeni model Toyota şirkətinin ardıcıl-paralel güc qurğusunu (THS), gələcəkdə isə rotor-porşen mühərrikinə əsaslanan ardıcıl hibridi alacaqdır. Dizayna gəldikdə isə, Mazda6 2017-ci ildə nümayiş etdirilmiş Vision Coupe konseptinin üslubunda görünüşə malik olacaqdır.

Qeyd etmək lazımdır ki, 2022-2023-cü illərdə debüt edəcək yeni modellərdən beşi krossover olacaqdır! Yeniliklərdən birincisi və ən yaxını, istehsalına 2022-ci ilin yanvarında start veriləcək Mazda CX-50 modeli olmalıdır. Yaponlar bu modeli yığcam ailəyə aid edirlər, bu isə, yeni krossoverin köndələn yerləşən mühərrikə və arxa oxda qoşma muftası olan tam ötürmə sisteminə malik olacağından xəbər verir.

CX-50 modeli ancaq Şimali Amerikada satılacaq və Alabama ştatındakı Mazda-Toyota birgə müəssisəsində buraxılacaqdır. Qeyd etmək lazımdır ki, bu zavodda Toyota Corolla Cross modeli də istehsal olunacaqdır. Buna görə də, CX-50 modelinin Corolla Cross ilə ümumi hissələrə malik olması istisna edilmir.

Digər dörd krossover isə iri modellər ailəsinə (Large Product Group) aid olacaqlar. Bu modellər köndələn yerləşən mühərriki olan platformada inşa ediləcək, əsas arxa ötürmə və ön oxda qoşma muftasına sahib olan tam ötürmə sistemi ulə təchiz olunacaqdırlar. Yaponiya və Avropada, ölçüləri və salondakı cərgələrin sayı ilə fərqlənən CX-60 (iki cərgəli) və CX-80 (üç cərgəli) krossoverləri satışa çıxarılacaqdırlar.

Bu avtomobillər üçün sıralı altısilindrli  Skyactiv-X (benzin) və Skyactiv-D (dizel) mühərrikləri hazırlanır. Məlum məsələdir ki, bu aqreqatlar 48-voltluq startyor-generator ilə təchiz ediləcəkdirlər. Eyni zamanda, dördsilindrli benzin mühərrikinin əsasında yaradılmış qoşulan hibrid güc qurğusu da təklif ediləcəkdir.

Şiamli Amerika bazarında isə, Avropada satılan modellərin bənzəri olacaq CX-70 və CX-90 krossoverləri satılacaqdırlar. Bu modellər avropalı analoqlarından daha iri və geniş olacaqdırlar. Maraqlıdır ki, krossover bolluğuna baxmayaraq, CX-5 modeli mühərrik çeşidindəki yerini bir neçə il qoruyub saxlayacaqdır.  CX-9 modeli isə yerini CX-90 krossoverinə verməli olacaqdır.

2022-ci ildə kupeşəkilli Mazda CX-30 modelinin yeni hibrid versiyası debüt etməlidir. Bu model dartma batareyasını doldurmaq üçün nəzərdə tutulmuş rotor mühərriki ilə təchiz ediləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.