Bir müddət bundan öncə kamuflyajlı şəkillərinə baxdığımız müəmmalı McLaren Sabre superkarı bir çox fərziyyələrə səbəb olmuşdu. Biriləri bu superkarın Britaniya markasının yeni flaqmanın, digərləri isə, ən güclü hiperkarının olacağını söyləyirdilər. Avtomobilin rəsmi olaraq təqdim edilməsi bütün sualları cavablandırıb - maraqlıdır ki, yeni superkar haqqında bütün məlumatları şirkətin Uokinqdəki baş ofisi deyil, Beverli Hillzdəki dileri açıqlayıb.

Məsələ ondadır ki, Sabre yalnız Amerika bazarı üçün nəzərdə tutulub və olduqca kiçik tirajla buraxılacaqdır. Bir sözlə, bu superkar, ABŞ-dan kənarda, hətta doğma Britaniyada belə satılmayacaqdır. Əslində, McLaren Sabre modeli üç il əvvəl debüt edən Senna modelinin sonrakı təkamülüdür.

McLaren Special Operations bölməsinin mühəndisləri superkarı Amerika qanunvericiliyinin tələblərini və müştərilərin istəklərini nəzərə alaraq hazırlayıblar. Bəli, 15 nüsxədə buraxılacaq avtomobillərin hər biri çoxdan öz sahibi tapıb və satışa çıxarılmayacaqdır.

Yeni model haqqında texniki detalların azlığı, qismən də olsa bununla əlaqədardır. Yalnız Sabre modeli 835 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən V8 biturbomühərriki ilə təchiz olunur. Bu, McLaren emeblemini daşıyan və hibrid olmayan ən güclü avtomobildir. Hətta, 825 at qüvvəsi və 800 Nm fırlanma anına malik olan ekstremal Senna LM modeli də Sabre modelindən geri qalır.

Dinamik xüsusiyyətlərdən yalnız maksimal sürət həddi elan olunub - 351 km/saat. Rekord bir nəticə olmasa da, superkarın yaradıcıları formal olaraq Sabre modelinin markanın tarixindəki ən sürətli ikiyerli avtomobilin olduğunu qeyd ediblər, çünki Speedtail hibrid modelinin (maksimum sürəti 403 km/saata çatır) əfsanəvi McLaren F1 superkarı kimi, 2 + 1 oturacaq formulu olan salonu var.

MSO bölümünün geniş fərdiləşdirmə imkanlarını təklif etdiyini nəzərə alsaq, hər bir superkar qardaşlarından fərqli olacaqdır. Müştərilər McLaren şirkətinin Britaniyadakı dizayn studiyasına gələrək avtomobilin xarici görünüşünün yaradılmasında iştirak ediblər. Bundan başqa, onlar Kaliforniyadakı Thermal Club qapalı yarış trekində prototipi sınaqdan keçirərək, gələcək avtomobillərinin şassisinin tənzimlənməsində də iştirak ediblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İlk McLaren Sabre modeli tezliklə öz sahibinə təhvil veriləcəkdir. Qalan digər avtomobillər isə bir neçə ay ərzində müştərilərə çatdırılacaqdırlar. Şirkət xüsusi superkarların qiymətini açıqlamayıb.