McLaren Speedtail modelinin ingilis avtomobil istehsalçısının yeni hiperkarı olacağını artıq hər kəs bilir. Yalnız tizerlərini izlədiyimiz hiperkar Bugatti Chiron və Koenigsegg Agera RS kimi modellərin rəqibi olmalıdır. Eyni zamanda, Speedtail 1990-cı illərin əfsanəvi avtomobillərindən olan McLaren F1 modelinin ideoloji davamçısı hesab edilir.

Bu günlərdə McLaren yeni hiperkar barədə maraqlı bir məlumat yayıb. Bu məlumatdan avtomobilin sürətli olduğu qədər də dəbdəbəli olacağı aydın olur. İstehsalçı opsional olaraq hiperkarın alıcılarına İngiltərədəki Vaughtons zərgərlik  firmasının hazırladığı emblemləri təklif edir. Xatırladaq ki, Vaughtons olimpiya medallarının və İngiltərə Futbol Assosiasiyasının kubokunun hazırlanması ilə tanınır. 

Ön və arxa tərəfdə yerləşdirilən emblemlər 18 karatlıq ağ qızıldan hazırlanır. Emblemin yazısı qızıldan olduğu halda, iç hissəsi karbon liflərindən hazırlanır. Əgər ağ qızıl alıcını qane etməzsə, o zaman emblemlərin platindən hazırlanmış variantını seçə bilər. 

McLaren Speedtail hiperkarı 26 oktyabr tarixində keçiriləcək xüsusi tədbirdə debüt edəcəkdir. McLaren şirkətinin tarixində ən yeyin model olan Speedtail 1000 at qüvvəsi hasil edən hibrid güc qurğusuna sahib olacaqdır. Qurğunun əsasını McLaren 570S GT4 yarış avtomobilində istifadə edilən iki turbokompressorlu V8 mühərriki təşkil edəcəkdir.

106 nüsxəlik tirajla buraxılacaq Speedtail 1+2 oturacaq formulu, tamamilə karbondan hazırlanmış kuzov və unikal aerodinamika ilə seçiləcəkdir. İlkin məlumata görə, McLaren Speedtail 391 km/saat həddinə qədər sürətlənəcəkdir. Hiperkarın 2,3 milyon dollardan başlayan qiymətlərlə satılacaqdır.