McLaren şirkəti «uzaq səfərlər üçün superkarın» yeni şəkillərini dərc edib. Avtomobil əvvəlki kimi kamuflyaja bürünüb, lakin bu dəfə kuzovun əsl formasını gizlədən panellərdən məhrum olub. Track25 inkişaf planına əsasən buraxılacaq dördüncü modelin kütləvi debütü gələn ay baş tutacaqdır.

Şirkət nümayəndələrinin McLaren of Grand Tourers adlandırdığı superkarın hazırlıq prosesi son mərhələyə qədəm basıb. Planetin soyuq və isti yerlərində keçirilmiş min kilometrlik sınaqlar artıq arxada qalıb. Növbəti mərhələ 1600 kilometrlik yürüşdür - bu yürüş Barselona yaxınlığındakı texniki mərkəzdən başlayacaq, Uokinqdəki McLaren Technology Centre-də başa çatacaqdır. Superkarda iki nəfər tam baqajı ilə səyahət edəcəkdir.

Superkar yüksək komfort səviyyəsini təmin edəcək, geniş salonu və baqaj bölməsi, həmçinin bu seqmentin digər avtomobillərində rastlanmayan idarəetmə xüsusiyyətləri ilə seçiləcəkdir. Superkar öz DNT-sini McLaren Speedtail ilə bölüşdürəcəkdir.

Grand Tourer mövcud olan McLaren model xətlərinin heç birinin üzvü olmayacaqdır. Yeni superkar unikal, müəyyən edilmiş tələblərə uyğun olaraq hazırlanmış model olacaqdır. Avtomobilin adı və onun haqqında ətraflı məlumat yaxın zamanlarda açıqlanacaqdır.