Mercedes-Benz şirkəti ilk dəfə olaraq 730 at qüvvəli GT Black Series modelini üstələyəcək GT 73 superhibridinin şəkillərini yayımlayıb. Prototipin görüntüsü ilə birlikdə, Mercedes-AMG bölməsi və Mercedes-AMG Petronas F1 Formula 1 komandası arasında əməkdaşlığın gücləndirilməsi xəbəri də dərc edilib.

Hibrid Mercedes-AMG GT 73 superkarı, 2017-ci ildə nümayiş etdirilmiş Mercedes-AMG GT Concept konsept avtomobilinin seriya versiyası olacaqdır. Onun elektriklənmiş güc qurğusuna sahib olmasına isə ön qanadlardakı yeni V8 Biturbo E Performance lövhələr işarə edir. Xatırladaq ki, GT 63 modelində bu yerdə V8 Biturbo 4Matic + lövhəsi vurulub. İlkin məlumatlara görə, supersedanın hibrid güc qurğusunun gücü 800 at qüvvəsindən çox olacaqdır. Sedan 100 km/saat həddini üç saniyədən az vaxta toplayacaq və daxili yanma mühərrikini işə salmadan təxminən 50 kilometr məsafəni qət edə biləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt

Hələlik isə, keçən ilin noyabr ayında seriya avtomobilləri üçün Nurburqinq trekinin rekordunu qıran 730 at qüvvəli GT Black Series kupesi, ən güclü seriya Mercedes-AMG idman avtomobili olaraq qalır. Trek kupesinin kapotunun altında iki muftalı yeddi pilləli AMG Speedshift DCT 7G “robotu” ilə tandemdə çalışan 4,0-litrlik V8 buturbo mühərriki yerləşir. Birinci “yüzlüyü” Mercedes-AMG GT Black Series model 3,2 saniyəyə, ikinci “yüzlüyü” isə 9,0 saniyəyə toplayır. Maksimal sürət - 325 km/saatdır.

Yeni tizerlərdə Mercedes-AMG GT 73 modeli Mercedes-AMG Petronas F1 komandasının bolidi və Ştuttqart markasının ən güclü hiperkarı olan One prototipi ilə birlikdə təqdim olunub. Mercedes-AMG One hiperkarı 1200 at qüvvəsinə sahib olacaq və 275 nüsxədən ibarət olan məhdud saylı tirajla buraxılacaqdır. Hiperkarların bütün tirajı artıq satılıb.