Mercedes-AMG GLC 63 S 4Matic+ modeli rəsmən Nürburqrinqin Şimal ilgəyinin ən yeyin seriya krossoveri olub. AMG bölümünün mühəndisi Markus Hofbauer birinci cəhddən əvvəlki rekordsmenin göstəricisini yaxşılaşdırıb. Xatırladaq ki, Nordşlyayfenin əvvəlki rekordu Alfa Romeo Stelvio Quadrifoglio modelinə məxsus olub.

Alman krossoveri treki 7 dəqiqə 49,369 saniyəyə qət edib. İtalyan krossoveri trekdə dövrəni 7 dəqiqə 51,7 saniyəyə başa vurub. Alfa Romeo Stelvio Quadrifoglio Nürburqrinqin rekordunu Porsche Cayenne Turbo S modelinin əlindən alıb. İtalyan krossoveri BMW M4, Lamborghini Gallardo və Porsche Panamera Turbo S modellərindən yeyin olub.

Mercedes-AMG GLC 63 S 4Matic+ 510 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 4,0-litrlik səkkiz silindrli biturbomotorla hərəkətə gəlir. Bərkgedən krossover ilk yüzlüyü 3,8 saniyəyə toplayır. Onun maksimal sürəti 250 km/saatdır. Opsional AMG Driver’s Package dəstinin köməyi ilə bu həddi 280 km/saata çəkmək olar.

Alfa Romeo Setlvio Quadrifoglio modifikasiyası 510 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 2,9-litrlik iki turbokompressorlu V6 mühərriki ilə hərəkətə gəlir. Ən “bərkgedən” Alfa Romeo Stelvio Quadrifoglio krossoveri  100 km/saat sürətini 3,8 saniyəyə toplayır və 285 km/saat maksimal sürətə malikdir.