Mercedes-Benz şirkətinin Cenevrə avtosalonunda yenilənmiş E-Class modelini təqdim edəcəyi bəllidir. Bu gün alman istehsalçısı bunu təsdiqləyən videotizeri də dərc edib. Tizerdə yenilənmiş modelin ön işıq texnikası göstərilib.

Xatırladaq ki, bir müddət bundan öncə, Mercedes-Benz şirkəti yenilənmiş E-Class ailəsi haqqında ilk məlumatı dərc edib. Şirkət nümayəndələrinin sözlərinə görə, yenilənmiş E-Class ailəsi yeddi hibrid modifikasiyaya və təkmilləşdirilmiş elektron yardımçılara sahib olacaqdır.

Zahiri cəhətdən dəyişikliklər elə də çox olmayacaqdır - yenilənmiş modellər başqa bamperlərə, həmçini CLS və CLA modellərinin işıq texnikasını  xatırladan yeni ön və arxa fənərlərə sahib olacaqdırlar. Əsas dəyişikliklər Mercedes-Benz E-Class modelinin texniki təchizatında baş verəcəkdir.

Modelin mühərrik çeşidində də ciddi dəyişikliklərin olacağı gözlənilir. Avtomobil, benzin və dizel mühərriklərinin əsasında yaradılmış yeddi hibrid versiyada təklif ediləcəkdir. Bu modifikasiyalardan dördü tamötürməli olacaqdır. İki ənənəvi daxili yanma mühərriki də təklif ediləcəkdir: 272 at qüvvəli 2,0-litrlik «turbodördlük» və 367 at qüvvəli 3,0-litrlik «turboaltılıq».