Dünən Mercedes-Benz şirkəti S-Class sedanının elektrik analoqu olan Mercedes-Benz EQS (kuzov kodu V297) modelini təqdim edib. EQS modeli xüsusi olaraq elektromobillər üçün yaradılmış yeni MEA (Modular Electric Architecture) modul platformasında inşa edilən ilk seriya avtomobilidir. Bu platforma mövcud olan “arabacıqlarla” ümumi elementlərə sahib deyil: dartma batareyası kuzovun güc quruluşuna daxil edilib, ön və arxa alt çərçivələr də ona bərkidilir. Sonradan, bu platforma fərqli siniflərdən olan bir sıra batareyalı Mercedes-Benz modellərinin əsasını təşkil edəcəkdir. Lakin istehsalçı bu işə flaqmanla başlamağa qərar verib.

EQS modelinin batareyalı S-Class kimi qəbul edilməsinin qarşısını almaq üçün, dizayner və mühəndislər fərqli üslubdan istifadə ediblər. Mercedes-Benz EQS sedan deyil, böyük baqaj qapağı olan beşqapılı liftbekdir. Baqaj bölməsinin həcmi 610 - 1770 litr arasında dəyişir. Təkər bazası mümkün qədər uzadılıb, kuzov çıxışları qısaldılıb və salon qabağa çəkilib. Avtomobilin uzunluğu 5216 millimetr təşkil edir ki, bu da onun qısa (5179 millimetr) və uzun (5289 millimetr) bazalı S-Class sedanlarının arasında yerləşməsini təmin edir. Eninə (1926 millimetr) və hündürlüyünə (1512 millimetr) görə, elektromobil demək olar ki, S-Class flaqmanını təkrarlayır.

Mercedes-Benz EQS liftbeki seriya avtomobilləri arasında ən aşağı müqavimət əmsalına malikdir - 0,20. Xatrıladaq ki, S-Class sedanında bu göstərici 0,22-yə bərabərdir. Elektromobil paz şəklində aerodinamik siluetə, hamar altlığa, “batmış” qapı tutacaqlarına, aerodinamik cəhətdən optimallaşdırılmış təkər disklərinə (19 - 22 düym arasında) və çoxsaylı xırda həllərə malikdir. Əlavə olaraq, belə aşağı aerodinamik müqavimət əmsalı salonda küləyin səsini azaltmağa kömək edir - bu, səssiz elektromobil üçün xüsusilə vacibdir.

Mercedes EQS modeli çərçivəsiz qapılara malikdir və əlavə olaraq onları həm salondan, həm də idarəetmə pultundan aktivləşdirilən elektrik ötürməsi ilə təchiz etmək olar. Opsional Digital Light fənərləri sürücüyə ünvanlanmış xəbərdarlıqları yol səthində oxlar və işarələr şəklində “çəkə” bilər. Hər bir fənərdə üç güclü diod və 1,3 milyon mikrogüzgüdən ibarət olan matrisa var. Elektronika “təsviri” yaratmaq üçün məhz bu mikrogüzgülərdən istifadə edir: ümumilikdə 2,6 milyon piksel alınır.

Salonun əsas bəzəyi, salonun eni boyunca uzanan şüşə səthdən (141 santimetr) ibarət olan, üç displeyi və havalandırma deflektorlarını özündə birləşdirən, lakin fiziki düymələri və açarları olmayan MBUX Hyperscreen ön paneldir. Eyni zamanda, bu “hiperekrana” daxili kontur işıqlandırmasının elementləri quraşdırılıb. 2432 sm2 sahəsi olan şüşə panel, təhriflərin qarşısını almaq məqsədilə, istehsal prosesi zamanı 650 dərəcə istilikdə forması verilən xətlərə malikdir.

Sürücünün qarşısında 12,3-düymlük virtual cihazlar panelinin ekranı, mərkəzdəki 17,7-düymlük sensorlu ekran və sərnişinin qarşısında yerləşən başqa 12,3-düymlük sensorlu ekran da müvafiq funksiyaları ehtiva edir. Sərnişin oturacağı boşdursa, onun qarşısındakı ekranda başlıq şəkli göstərilir. Mərkəzi və sərnişin ekranları üzvi işıqdiodu (OLED) texnologiyasından istifadə etməklə hazırlanır və daha çox kontrasta malikdirlər. Əks əlaqəni (basdıqdan sonra klik və ya titrəmə) təmin etmək üçün “hiperekranın” şüşəsinin altına 12 aktuator quraşdırılıb ki, onların intensivliyi ekrana basma gücündən asılıdır. Səkkiz prosessor və 24 GB RAM bütün sistemin işləməsindən məsuldurlar.

Media sisteminin interfeysidə sıfır təbəqə nəzərdə tutulub: ekranın yuxarı hissəsində hər zaman sürətli giriş təmin etmək üçün menyunun bütün əsas bölmələri toplanıb. Avtomobili işə salma düyməsinin ətrafındakı sensorlu paneldə bir neçə “isti” düymə qruplaşdırılıb: bu blok mərkəzi tuneldə yerləşir. Sürücünün qarşısında proyeksiya ekranı da var. Bundan başqa, almanlar “süni intellekti”, yəni özünü təkmilləşdirmə proqramını vəd edirlər: multimedia sürücünün və ya sərnişinin vaxtaşırı müraciət etdiyi müəyyən funksiyaları təklif edə biləcəkdir.

Bununla birlikdə, MBUX Hyperscreen heç də ucuz opsiya deyil. Mercedes-Benz EQS elektromobilinin baza interyeri demək olar ki, S-Class modelindəki ilə eynidir: sürücünün qarşısında cihazlar panelinin ayrıca ekranı (12,3 düym), mərkəzdə isə mediasistemin (12,8-düymlük) planşeti quraşdırılıb. Bu halda, avtomobili işə salma düyməsi və bütün “isti” düymələr ön paneldə yerləşir.

Avadanlıq baxımından EQS liftbeki S-Class sedanından geri qalmayacaqdır. Liftbekin avadanlıq siyahısına bütün oturacaqların qızdırılması və havalandırması, müxtəlif masaj proqramları, panoram dam (iki hissəli), 710 vatt gücündə Burmester səs sistemi (15 dinamikli), arxa sərnişinlər üçün media sistemi (11, 6 düymlük iki ekran və qol dayağında çıxarıla bilən planşet) daxil edilib. İkinci səviyyəli avtopilot - Drive Pilot sistemi də mövcuddur, avtoparkinq sistemi hətta dördüncü avtonomluq səviyyəsinə cavab verir: qapalı dayanacaqda sensor sistemi varsa, o zaman avtomobil dayanma yerinə tamamilə avtonom rejimdə gedə bilər. Nəhayət, menyuda, iki xüsusi preseti aktivləşdirmək olar - təcrübəsiz sürücülər və servis üçün.

EQS modeli standart olaraq pnevmatik asqıya və tam idarələnən şassiyə malikdir. S-Class modelindəki kimi, arxa təkərlər 4,5 dərəcəyə qədər dönə bilərlər. Əlavə ödəniş qarşılığında dönmə bucağını 10 dərəcəyə qədər artırmaq olar və bu seçim yalnız avtomobil alarkən deyil, həm də ona sahib olduqdan sonra sifariş edilə bilər! EQS modeli yeni funksiyaları onlayn “satın almağa” və mediasistem vasitəsi ilə aktivləşdirməyə imkan verir (pulsuz sınaq müddəti ilə). Arxa təkərlərin dönmə bucağının artırılması geridönmə dairəsini 11.9-dan 10.9 metrə qədər azaldır.

İlkin olaraq, elektrokar iki modifikasiyada təklif ediləcəkdir. Mercedes-Benz EQS 450+ modeli arxa oxda yerləşən 333 at qüvvəsi və 568 Nm fırlanma anı hasil edən elektrik mühərriki ilə hərəkətə gəlir. Dartma batareyasının tutumu 107,8 kilovat-saatdır. 2480 kiloqram ağırlığında olan liftbek dolu batareya ilə 770 kilometrə qədər məsafə qət edəcəkdir. Ancaq qarışıq WLTP dövrünə əsasən elektrokar 530 kilometrlik yürüş ehtiyatına malikdir. Bu rəqəm daha real görünür.

Alternativ olaraq, ümumi hasilatı 523 at qüvvəsi və 855 Nm olan iki mühərrik ilə hərəkətə gələn tam ötürməli Mercedes-Benz EQS 580 4Matic modeli təklif edilir. Belə liftbek bənzər batareyaya malikdir. 2585 kiloqram ağırlığında olan liftbek WLTP dövrünə əsasən 500 kilometr məsafə qət edir. Hər iki modifikasiyanın maksimal sürəti 210 km/saat həddində məhdudlaşdırılıb. Elektrokarlar 100 km/saat həddinə sürətlənməyə müvafiq olaraq 6,2 və 4,3 saniyə sərf edirlər. İstehsalçının planında 90 kilovat-saatlıq batareyası olan daha sadə versiyanın, habelə 761 at qüvvəli ekstremal AMG versiyasının buraxılması da var.

Bununla birlikdə, EQS modelini elektrik sistemi ən qabaqcıl sistem deyil. Porsche Taycan və Audi e-tron GT modelləri 800 voltluq elektrik şəbəkəsinə sahibdirlərsə, EQS modelində bu şəbəkə 400 voltluqdur (Tesla modellərindəki kimi). Elektrik yükləmənin maksimal gücü 200 kilovatdır (daimi cərəyan qurğusu üçün). Mercedes elektrokarının əsas rəqibləri 250-270 kilovat təklif edirlər. Belə terminaldan 15 dəqiqə ərzində 300 kilometrlik yürüş ehtiyatını təmin etmək olar. Əlbəttə ki, rekuperasiya funksiyası da mövcuddur: sistemin səmərəliliyini sükan altındakı ləçəklərlə dəyişdirilə bilər, ikimühərrikli versiyalar üçün yükləmənin maksimum gücü 290 kilovatdır. Yaponiya bazarında satılan liftbek üçün xarici elektrik cihazlarını qoşmaq imkanı da nəzərdə tutulub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-Benz EQS elektromobilinin istehsalı yeni S-Class sedanının buraxıldığı Zindelfingendəki Factory 56 zavodunda təşkil edilib. EQS modelinin Avropa və Amerikadakı dilerlərə çatdırılmasına payiza qədər başlanacaqdır.