Mercedes-Benz şirkəti 1 sentyabr 2020-dən sonra buraxılacaq G-Class ofrouderləri üçün bir sıra yeniləmələri elan edib. Payızda ofrouderin standart təchizatına genişformatlı kokpit, parkinq köməkçisi və yeni Desert (“Səhra”) hərəkət rejimi daxil ediləcəkdir. Eyni zamanda, fərdiləşdirmə proqramı genişlənəcək və G400d versiyasına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılacaqdır.

Sentyabrın 1-dən etibarən avropalı alıcılar sərbəst şəkildə Mercedes-Benz G400d modelini sifariş edə biləcəklər - əvvəllər belə avtomobillərin tirajı məhdud idi. Ən güclü dizel G-Class ofrouderi 3,0-litrlik OM 656 turbomühərriki və 9-pilləli avtomatik transmissiya ilə təchiz edilmişdir.

Güc qurğusu 330 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edir və qarışıq rejimdə 100 kilometrə doqquz litrdən az yanacaq sərf edir.

Mercedes-Benz G-Class modelində baş verəcək digər vacib yenilik standart avadanlıqlar siyahısının genişləndirilməsidir. Payızda bu siyahıya arxa görünütü kamerası olan Parking Package dəsti, çərçivəsi olmayan salon güzgüsü, genişformatlı kokpit və qum üzərində hərəkəti asanlaşdıran mexatronikanın yeni rejimi daxil ediləcəkdir.

Eyni zamanda, staylinq paketlərinin birləşmələri dəyişdiriləcək, əlavə rəngləmə variantları və yeni dizayna malik olan 20-düymlük təkər diskləri təklif ediləcəkdir. Ayrıca, Mercedes-Benz G-Class üçün iki mühafizə sistemi mövcuddur: Urban Guard Vehicle Protection və Urban Guard Vehicle Protection Plus. Sonuncu sistem geolokasiya funksiyasına malikdir.

Eyni zamanda, G Manufaktur proqramı G-Class modeli üçün geniş fərdiləşdirmə imkanları təklif edəcəkdir. Belə ki, ofrouder üçün üç yeni çalara rənglənə bilər: boz Classic Grey, yaşıl Deep Green və mavi China Blue.

Bu rənglər, əvvəllər modelin kataloqda olan arxiv rənglərini təqlid edirlər. Əlavə olaraq, opsiyalar siyahısına Night Package II və AMG Night Package II antixrom paketləri əlavə edilmişdir.