Ştutqart markası AMG, Maybach və EQ subbrendlərindən sonra dördüncü olacaq G subbrendini təsis edəcəyini bildirib. Xüsusi olaraq G-Class modeli üçün yaradılmış yeni subbrend altında həm standart yolsuzluq avtomobili, həm də onun çoxsaylı modifikasiyalarının istehsal edilməsi planlaşdırılır.

AutoHome nəşrinin Mercedes-Benz şirkətinin açıqlamasına istinadən verdiyi məlumata görə, bu gün şirkətin istehsal müəssisələri “Gelendvagenə” olan tələbatı ödəyə bilmir. Keçən il dünya üzrə demək olar ki, 35.000 G-Class satılıb. Ofrouderə Çində olan yüksək tələbat səbəbindən, istehsalçı 258 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərrik ilə təchiz edilən G 350 "büdcə" versiyasını buraxmalı olub. Böyük ehtimalla, Mercedes-Benz şirkəti yeni G subbrendi çərçivəsində G-Class ailəsini daha da genişləndirməyi nəzərdə tutub.

Eyni zamanda, Mercedes-Benz şirkətindən əfsanəvi ofrouderin "artım və elektrikləşmə" ilə qarşılaşacağını da bildiriblər. Medianın verdiyi məlumata görə, 2023-cü ildə G-Class modelinin yanacaq versiyası konveyer xəttini tərk edə və onun yeni nəsli tamamilə elektrokara çevrilə bilər. Bu halda00, "Gelendvagen" EQ xəttinə qoşulacaqdır. Hazırda bu xəttdə V-Class furqonunun bazasında hazırlanmış EQV modeli və EQC krossoverinin bazasında hazırlanmış ekstremal EQC 4x4² versiyası mövcuddur.