Mercedes-Benz şirkəti 2021-ci ilin sonuna qədər debütü gözlənilən EQS elektrik sedanına olan marağı artırmağa davam edir. Bu dəfə alman istehsalçısı, yeni modelin yaradıcıları və interyer dizaynerlərinin hansı texnologiyaların onu digər avtomobillərdən fərqləndirəcəyi barədə danışdıqları videoçarxı yayımlayıb.

Dərc olunmuş videotizerdə markanın baş futuroloqu Kay Cardner, EQS modelinin təchizatına daxil olan süni intellektin, sürücü ilə elektromobilin qarşılıqlı ünsiyyəti zamanı özünü təkmilləşdirəcəyini söyləyib. Sinir şəbəkələri, avtomobil sahibinin müəyyən bir müddətdə ərzində həyata keçirdiyi müəyyən hərəkətləri təhlil edərək yadda saxlayacaq, sonra isə, onları avtomatik rejimdə yerinə yetirəcəkdir. Beləliklə, ağıllı sistem insanın maşınla qarşılıqlı ünsiyyətini mümkün qədər rahat etməyə imkan verəcəkdir.

Modelin interyerinin yaradıcılarının qürur duyduğu əsas sistem, ön panel boyunca yerləşən və üç ayrı ekranı olan Hyperscreen əyləncə sistemidir. 56-düymlük yüksək texnologiyalı "hiperekran" istifadəçi üçün intuitiv ssəviyyədə anlaşılan olacaq, onun 8-nüvəli güclü prosessoru isə, Mercedes-Benz EQS sahiblərinə başqa heç bir avtomobildə olmayan funksionallıqdan istifadə etməyə imkan verəcəkdir.

Dolu batareya ilə 700 kilometrə qədər məsafə qət edə biləcək Mercedes-Benz EQS modelinin təqdimatı bu ilin sonuna qədər keçirilməlidir. Flaqman elektrokarının isteshalına 2022-ci ildə başlanmalıdır.