Mercedes-Benz G-Class modelinin növbəti nəslinin rəsmi fotoşəkillərinin internet şəbəkəsinə sızmasına baxmayaraq, alman istehsalçısı yeni Gelandewagen’in tizerlərini dərc etməyə davam edir.

14 yanvar tarixində Detroyt avtosalonunda təqdim ediləcək yeni ofroderin şəkli bu dəfə qar tufanının arasında çəkilibdir. Bununla Mercedes-Benz şirkəti ikinci nəsil G-Class modelinin yolsuzluq imkanlarının əfsanəyə çevrilmiş sələfindən heç də geri qalmayacağına işarə edir.

Xatırladaq ki, bir müddət bundan öncə istehsalçı ofroderin kamuflyajlı şəkillərini dərc edərək, onun haqqında müəyyən məlumat verib. Məsələn, yeni G-Class modelinin ön asqısı ikili köndələn qollardan, arxada isə dörd köndələn qollardan və Panar dayaqlarından ibarətdir.

Yeni nəsil G-Class modelinin klirensi 241 millimetr təşkil edir. Bu əvvəlkindən 6 millimetr çoxdur. Həmçinin, avtomobilin qət etdiyi çay qolunun dərinliyi də 10 santimetr artaraq 70 santimetrə bərabər olub. Ofroderin giriş bucağı 30, çıxış bucağı isə 21 dərəcədir. Rampanın bucaqları 26 dərəcəyə bərabərdir. Onun ön asqısının sıxılma gedişi 85 santimetr, dəf etmə gedişi isə 100 millimetrdir. Arxa asqı üçün bu göstəricilər müvafiq olaraq 82 və 142 millimetrdir.

Mercedes-Benz həmçinin pilləkən tipli rama üzərində inşa edilən yolsuzluq avtomobilinin aşağı pillələr cərgəsi və idarəetmə elektronikasının G-Mode rejimi olan 9 pilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəyini də bildirib. G-Mode rejimi avtomatik olaraq hər üç diffirensialın aktivləşməsi və “aşağı pillələrin” aktivləşdirilməsi zamanı işə düşür. Bu halda elektronika sükan sisteminin, akseleratorun və şassi elementlərinin iş alqoritmini ağır yolsuzluqda hərəkət etmək üçün dəyişir.