Mercedes-Maybach S-Class modelinin Yaponiya bazarı üçün nəzərdə tutulmuş Grand Edition kolleksiya versiyası hazırlanıb. Belə Maybach limuzini adi sedanlardan eksklüziv daxili tərtubatı, xüsusi rəng birləşmələri və genişləndirilmiş opsiyalar dəsti ilə fərqlənir. Grand Edition modifikasiyası Mercedes-Maybach S 560 və ya S 560 4Matic modellərinə əsaslanır.

Mercedes-Maybach S-Class Grand Edition modifikasiyasının əsas xüsusiyyəti Nappa dərisindən təkcə oturacaqların deyil, həmçinin sükan çarxının, ön panelin, mərkəzi konsolun, günəşliklərin və dam dayaqlarının üzlənməsi üçün istifadə olunmasıdır. Bundan əlavə, xüsusi versiya ikirəngli sükan çarxı və Maybach naxışları olan yastıqları ilə də fərqlənir.

Limuzinin standart avadanlıqlar siyahısına ikinci cərgənin multikonturlu fərdi orutacaqları, qatlanan masalar və VIP şəxslər üçün soyuducu, həmçinin oturacaqların arasındakı bölmədə gizlənmiş şampan qədəhləri daxildir.

Ümumilikdə, Mercedes-Maybach Grand Edition modeli 10 nüsxəlik olduqca məhdud saylı tirajla buraxılacaqdır. Bu, modelin kolleksiya dəyərini yüksəltməyə xidmət edir. Mercedes-Benz şirkətinin Yaponiyadakı filialı xüsusi versiya üçün nəzərdə tutulmuş eksteryer və interyer rənglərinin, bənzərsiz rəng birləşmələrindən ibarət olduğunu vurğulayır. Üstəlik,eyni rəng birləşməsinə malik olan Grand Edition limuzinlərinin sayı ikidən çox ola bilməz. Salon tərtibatının bəzi xüsusi rəng birləşmələri korporativ konfiquratorda göstərilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki cəhətdən xüsusi versiya adi Mercedes-Maybach S 560 modelindən fərqlənmir: kapotun altında 469 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 benzin mühərriki yerləşir. Ötürmə - arxa oxa və ya tam ola bilər. Mercedes-Maybach Grand Edition modelinin başlanğıc qiyməti 29 milyon yen (460 min manat) təşkil edir. Yaponiyada adi Mercedes-Maybach S-Class modelinin qiyməti 24 milyon yendən (380 min manat) başlayır.

Bu ayın əvvəlində Mercedes-Benz şirkəti ABŞ bazarı üçün nəzərdə tutulmuş Mercedes-Maybach S 650 Night Edition adlı eksklüziv versiyanı təqdim edib. Xüsusi versiya 15 nüsxəlik tirajla istehsal ediləcəkdir. “Gecə” seriyasından olan sedan adi S 650 modelindən karbondan hazırlanmış dekorativ elementləri və 242.950 dollarlıq qiyməti ilə fərqlənir.