Mercedes-Benz şirkəti yeni nəsil B-Class kompaktvenini gələn ayın əvvəlində işinə başlayacaq Paris avtosalonunda təqdim edəcəyini bəyan edib. Yeni nəsil Mercedes-Benz GLE, Mercedes-AMG A35 və alman markasının ilk elektrokarı olan Mercedes-Benz EQC krossoveri ilə birlikdə təqdim ediləcək kompaktven yeni benzin və dizel mühərriklərinə sahib olacaqdır.

Alman istehsalçısı yeni kompaktvenin idman üslubunda dizayna malik olacağını və sahibinə daha geniş salon təklif edəcəyini bildiriblər.

Yeni nəsil Mercedes-Benz B-Class modelinin “unikal dizayna” malik olan cihazlar panelinə və Mercedes-Benz S-Class modelində tətbiq edilən təhlükəsizlik sistemlərinə sahib olacağı da qeyd olunub. Bununla belə, B-Class kompaktveninin təchizatına MBUX multimedia sisteminin də daxil ediləcəyini də əminliklə söyləmək olar.

Bütün bu yazılanlara baxmayaraq, yeni nəsil B-Class kompaktveninin Mercedes-Benz A-Class modelinin dizayn üslubunda hazırlanmış eksteryer və interyerə sahib olacağını ehtimal edirik. Bundan əmin olmaq üçün oktyabr ayının ikisini gözləmək gərəkdir...

Image alt Image alt Image alt