Yenilənmiş Mercedes-Benz E-Class sedan və universalının debütündən sonra, alman istehsalçısına yenilənmiş ailənin digər iki üzvünü – kupe və kabriolet kuzovlu E-Class modelini təqdim etmək üçün nə qədər zamanın gərək olduğu barədə düşünürdük. Bu gün nəhayət ki, sualımıza cavab tapa bildik – hər iki modelin debütü 27 mayda baş tutacaqdır. Maraqlıdır ki, Ştutqart istehsalçısının əzəli rəqibi də həmin gün iki yenilənmiş modeli – 5 və 6 Series modellərini təqdim edəcəkdir.

Məlum məsələdir ki, iki qapılı modellərin üzərindəki örtük rəqəmsal təqdimat zamanı qaldırılacaqdır. Səbəb də məlumdur - koronavirus.

Aydındır ki, kupe və kabrioletin xarici görünüşündəki dəyişikliklər, sedan və universalın çöhrəsində baş vermiş dəyişikliklər ilə eyni olacaqdır. Kupe tamamilə yeni işıq texnikasına, başqa radiator barmaqlığına və dizaynı yenilənmiş bamperlərə sahib olacaqdır. Kabrioletə gəlincə isə, bu model sayılanlarla yanaşı, yumşaq tavanın yeni  rənglərini əldə edəcəkdir. Hər iki modelin interyerində 12,3-düymlük displeyləri olan müasir MBUX multimedia kompleksi quraşdırılacaq, elektron köməkçilərin siyahısı isə genişləndiriləcəkdir.

Hər iki modelin, sedan kuzovlu variantda olduğu kimi, Mercedes- AMG E 53 versiyasında debüt edəcəyi gözlənilir. Məlum olduğu kimi, Mercedes-AMG E 53 4Matic + modeli 3,0-litrlik altısilindrli turbomühərrik, 48 voltluq elektrik şəbəkəsi, mühərrikə sürətlənmə zamanı yardım edən və əyləcləmə zamanı enerjini bərpa edən startyor-generator (22 at qüvvəsi və 250 Nm fırlanma anı) və 9-pilləli AMG Speedshift TCT qutusu ilə təchiz edilir.

Beləliklə, alman istehsalçısının qarşısında duran növbəti vəzifə, "bərkgedən" Mercedes-AMG E 63 modelini yeniləməkdir. Əvvəllər, yenilənmiş AMG E63 modelinin aprel ayında debüt edəcəyi güman edilirdi, lakin markanın elan edilmiş planlarını nəzərə alsaq, “bərkgedən” variantın yay aylarında təqdim ediləcəyi istisna olunmur.