Suzukada keçirilən Yaponiya Qran Prisinin ilk cərgəsindən Ferrari pilotları start alsalar da, yarışın sonunda finiş xəttini birinci keçən Mercedes komandasının pilotu Valtteri Bottas olub. Bottasın Suzukada əldə etdiyi qələbə və Həmiltonun üçüncülüyü Mercedes komandasına altıncı dəfə ardıcıl Konstruktorlar kubokunu qazanmağa imkan verib.

Yaxınlaşan qasırğa səbəbi ilə bazar günü səhərə keçirilmiş təsnifat mərhələsindən sonra Ferrari cütlüyü Yaponiya Qran Prisinin favoriti hesab edilirdi.  Lakin, Soçidə Fettelin etdiyini bu dəfə Bottas təkrar edib. Fettel isə startda səhvə yol verərək vaxtında yerindən tərpənə bilməyib. Alman pilot bir müddət falstarta görə cəza təhlükəsi altında qalsa da, sonradan stüardlar pilotun hərəkətlərində pozuntu görməyiblər. Şarl Lekler də startda çevik ola bilməyib və ikinci döngədə onu keçən Ferstappenlə toqquşub.

Valtteri Bottas isə liderliyi ələ keçirərək yarışın gedişinə nəzarət edib və Bakıdakı qələbəsindən sonra ilk dəfə uğura imza atıb. Qeyd etmək lazımdır ki, onun komanda yoldaşı Lyuis Həmilton yarışı bir pit-stopla başa vurmaq istəsə də, Mercedes komandası britaniyalını iki pit-stop strategiyasına keçirərək Valtterinin qələbə çalmasını təmin edib.

Pouldan start alan Fettel isə ikincilik uğrunda mübarizə aparmalı olub və yarışın sonlarına yaxın Lyuisin hücumlarını dəf etmək məcburiyyətində qalıb. Maks Ferstappen Şarl Leklerlə toqquşmadan sonra bir müddət yarışmağı davam etdirsə də, sonradan yarışı tərk etməli olub. Lekler isə, sınmış ön qanadla bir müddət yarışsa da, sonradan FIA nümayəndələrinin təkidi ilə məcburi pit-stopa yollanmalı olub.  Nəticədə, yarışdan sonra monakolu 15 saniyəlik cəza alaraq bir pillə geriləyib və yeddinci yerdə qərarlaşıb.

Yarışın əvvəlində Lando Norrislə toqquşmasına baxmayaraq, Red Bull Racing komandasının gənc pilotu Aleksandr Əlbon Yaponiyada yaxşı çıxış edərək yarışı dördüncü olaraq bitirib. McLaren komandasının ispan pilotu Karlos Sayns beşinci yerdə finiş görüb. Renault komandasının pilotları sıralamada zəif çıxış etsələrdə, yarışda inamlı çıxış ediblər. Daniel Rikkardo yeddinci, Niko Hülkenberq isə doqquzuncu olub.

Yarışın sonunda Pyer Qasli yeddinci olmasına baxmayaraq Rikkardo və Serxio Peresi irəli buraxıb. Son dövrədə Peresə əks-hücum edən Qasli meksikalı pilotu baryerə çırpılmasına səbəb olub. Nəticədə Lans Stroll onunculuğa yüksəlib. Lakin, finişdən sonra aləm bir-birinə qarışıb – sən demə, son dövrədə elektron sistem işləmədiyinə görə, yarışın protokolunda 52-ci dövrənin nəticələri qeydə alınıb və müvafiq olaraq, divara yapışmış Peres doqquzuncu, Niko Hülkünberq isə 10-cu olub.