MG markasına sahib olan Çinin SAIC konserni, MG Cyberster elektrik konseptinin tizerlərini dərc edib. Konseptin seriya variantı, 2011-ci ildə buraxılışına son verilmiş MG TF rodsterinin ideoloji varisi ola bilər.

İstehsalçı MG Cyberster (Tesla Cybertruck və Roadster modellərinə işarə edir) konsepti barədə məlumat verməyib və yalnız tizerləri dərc etməklə kifayətlənib. Tizerlərdə avtomobilin üzərinə səpələnmiş işıqlandırılan loqotipləri, "örtülmüş" LED fənərləri, uzun kapotu və Britaniya bayrağına bənzər naxışlara malik olan arxa fənərləri və Kamm quyruğunu görmək olar. Çin mətbuatı konseptin 5G rabitə standartını və üçüncü səviyyəli avtopilotu alacağından əmindir.

Güc qurğusuna gəldikdə isə, MG Cyberster onu 2017-ci ilin MG E-motion konseptindən götürə bilər. Xatırladaq ki, dörd nəfərlik kupe olan MG E-motion modelinin 100 km/saat həddini dörd saniyəyə topladığı və 500 kilometrlik yürüş ehtiyatına malik olduğu iddia edilirdi.